Türk dil hüquqları müdafiəçisi Əlirza Fərşi Mərənd şəhərinin Ümumi və İnqilab Məhkəməsi tərəfindən çağırılıb.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi xəbər verib ki, azərbaycanlı fəal Mərənd Ümumi və İnqilab Prokurorluğunun 4 saylı şöbəsi tərəfindən elektron bildiriş vasitəsilə çağırılıb.
Fərşi çağırış vərəqəsini aprelin 7-də alıb və bu bildirişə görə o, 5 gün ərzində bu məhkəməyə müraciət etməlidir.
Əlirza Fərşi məhkəmədə “rejimə qarşı təbliğat fəaliyyəti göstərmək” ittihamı ilə özünü müdafiə etməlidir.
O, bundan əvvəl fevral ayında Tehran vilayətinin Baharistan İnqilab Məhkəməsinə çağırılmışdı. Lakin onun iqamətgahı Mərənd şəhərində olduğuna görə iş Baharistan məhkəməsində bağlanıb və Şərqi Azərbaycan vilayətinin Mərənd şəhərindəki İnqilab Məhkəməsinə verilib.
Əlirza Fərşi əvvəllər də fəaliyyətinə görə uzun müddət saxlanılıb və universitet müəllimliyi işindən qovulub. Ümumdünya Ana Dili Günü ilə bağlı tədbirlərdə iştirak etmək, türkcə kitablar yaymaq kimi fəaliyyətlərinə görə ona qarşı iddia qaldırılıb və o, uzunmüddətli həbslərə məhkum edilib.
Forum