Şərqi Azərbaycan vilayətinin Mərənd şəhərində yaşayan türk dil haqları müdafiəçisi Əlirza Fərşi haqqında Tehran vilayətinin Baharistan şəhərində məhkəmə işi açılıb.
Bu barədə siyasi fəal öz İnstragram səhifəsində məlumat yayıb.
“Bir neçə gün öncə İran məhkəmə sisteminin saytından bir SMS aldım. Daha sonra sayta daxil olub və mənə qarşı Tehran vilayətinin cənubunda yerləşən Baharistan şəhərinin prokurorluğunda ‘İslam Respublikası nizamına qarşı təbliğat’ ittihamı ilə bir dosye açıldığını öyrəndim,” deyə milli fəal bildirib.
O, hansı səbəblə sözügedən ittihama məruz qaldığına dair heç bir məlumata sahib olmadığını vurğulayıb.
Əlirza Fərşi keçmiş illərdə Dünya Ana Dili Günü tədbirləri ilə əlaqədar Baharistan məhkəməsi tərəfindən həbs və sürgün cəzasına məhkum edilib. Ancaq, o, hazırda Mərənd şəhərində sakindir.
Fərşi yazıb ki, “Baharistanda mənimlə bağlı heç bir açıq dosye qalmayıb. Mənim məhkəmə sistemində də qeyd olunan ünvanım Şərqi Azərbaycan vilayətinin Mərənd şəhəri olduğuna görə, Tehran vilayətində Baharistan şəhərinin prokurorluğu hansı səbəb və hansı səlahiyyətlə haqqımda təhqiqat başladır?”
Siyasi fəal həmçinin dekabrın 26-da ona və bir neçə digər ailə üzvünə İranın kəşfiyyat idarəsi tərəfindən zəng edildiyini bildirib.
Əlirza Fərşi göstərdiyi fəaliyyətlər səbəbilə daha əvvəl universitet müəllimi vəzifəsindən uzaqlaşdırılıb. O, Dünya Ana Dili Günü tədbirlərinə qatılmaq və türkcə kitab paylamaq kimi fəaliyyətlər səbəbilə mühakimə olunub. Fərşinin rəhbərlik etdiyi “Kəndimiz Vəqfi” keçən illərdə yürütdüyü “Hər kənd üçün bir türkcə kitab evi” kampaniyası çərçivəsində İran Azərbaycanının müxtəlif bölgələrində kəndlərə türkcə kitablar hədiyyə edirdi. Həmin vəqfin fəaliyyətləri daha sonra ona qarşı çıxarılan məhkəmə hökmündə dəlil hesab edilib.
Forum