Accessibility links

Ekspert: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında hərbi ittifaq Rusiyanın bölgəyə təsir imkanlarını azaltmağa xidmət edir


Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan birgə hərbi təlim keçirəcək (FOTO:Azərbaycan Müdafiə Nazirliyi)
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan birgə hərbi təlim keçirəcək (FOTO:Azərbaycan Müdafiə Nazirliyi)

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə Nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın Aktau şəhərində "Birləşdik - 2024" əməliyyat-taktiki komanda-qərargah təliminin planlaşdırma konfransı keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi konfransda təlimə hazırlıq və icra olunacaq tapşırıqlarla bağlı bir sıra məsələlər müzakirə olunub.

Qeyd edilib ki, cari ilin iyul ayında Qazaxıstan Respublikasının "Oymaşa" təlim poliqonu, eləcə də Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak Burnunda keçiriləcək təlimdə "Silahlı münaqişələrin yerinin müəyyən edilməsi istiqamətində təlim-döyüş tapşırıqlarının icrası" üzrə fəaliyyətlər yerinə yetiriləcək.

“Atlas” Araşdrımalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsinə deyib ki, Azərbaycan son illərdə Mərkəzi Asiya ölkələri ilə siyasi və iqtisadi əlaqələri genişləndirib, regional layihələr işə düşüb.

“Bu ölkələr arasında birgə hərbi təlimlərin keçirilməsi bölgə ölkələri arasında ittifaqı daha da gücləndirəcək. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında hərbi ittifaqın gücləndirilməsi və birgə hərbi təlimlərin keçirilməsi ABŞ, Avropa İttifaqı və Türkiyənin də maraqlarına cavab verir", o bildirib.

Ekspert hesab edir ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında hərbi ittifaq Rusiyanın bölgəyə təsir imkanlarını azaltmağa xidmət edir.

Fevralın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Prezident Əliyev andiçmə mərasimində Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı hazırkı durum və gələcək illərdə ölkənin tutacağı xətt ilə bağlı geniş nitq söyləyib.

O, xarici siyasətin əsas prioriteti kimi Türk Dövlətləri Təşkilatına inteqrasiyasını göstərib. Əliyev həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı ilə əməkdaşlığın genişləndirilməsini qeyd edib.

Forum

XS
SM
MD
LG