Accessibility links

Nobel mükafatı laureatları belaruslu siyasi məhbusların azad edilməsinə çağırır


Ales Bialiatski, 2022-ci il Nobel sülh mükafatı laureatı
Ales Bialiatski, 2022-ci il Nobel sülh mükafatı laureatı

Bir qrup Nobel mükafatı laureatı belaruslu siyasi məhbusların, o cümlədən 2022-ci ildə Nobel sülh mükafatına layiq görülən belaruslu insan hüquqları müdafiəçisi Ales Bialiatskinin azad edilməsinə çağırıb.

Svetlana Aleksieviç, Con Kutzee, Dmitri Muratov kimi ictimai fiqurlar tərəfindən imzalanan açıq məktubda son 4 ildə Belarusda 50 mindən çox insanın siyasi repressiyaya məruz qaldığı, yüz minlərlə vətəndaşın ölkəni tərk etməyə məcbur edildiyii və minlərlə insanın işgəncələrə məruz qaldığı vurğulanır.

Nobel mükafatı laureatları Avropa İttifaqı ölkələrinin hökumətlərini Belarusdakı repressiyaları dayandırması və bütün siyasi məhbusların azad edilməsi üçün təcili tədbirlər görməyə çağırır. Bu istiqamətdə Polşa hökuməti dəmir yolu yükdaşımalarının müvəqqəti dayandırılması kimi addımlar atmağa çağırılır.

“Avropa ölkələrinin malik olduğu kommersiya maraqları onların milli təhlükəsizliyi və Belarusda qurban olan günahsız insanları xilas etmək vəzifəsi təkcə belarusların deyil, həm də ciddi ayrı-seçkiliyə məruz qalan milli azlıqların hüquqlarının müdafiəsi məsələlərindən üstün ola bilməz”, açıq məktubda qeyd edilir.

BMT İnsan Hüquqları ofisinin nümayəndəsi Kristian Salazar Volkmann martın 20-də Cenevrədə BMT İnsan Hüquqları Şurasının dinləmələrində Belarusda insan hüquqları pozuntularının geniş miqyasda və sistematik şəkildə davam etdiyini bildirib.

“2020-ci il mayın 1-dən ifadə, birləşmək və toplaşmaq azadlığının pozulmasının yekun təsiri müstəqil vətəndaş məkanını bağlayıb və Belarusda insanları bu hüquqlardan istifadə etmək imkanlarından faktiki olaraq məhrum edib”, Volkmann qeyd edib.

BMT İnsan Hüquqları ofisinin hesabatına əsasən, Belarusda minlərlə insan ifadə və sərbəst toplaşma azadlığından istifadə etdiklərinə görə həbs edilib və siyasi motivli həbslər 2024-cü ildə də davam edib. Hesabatda həmçinin 2020-ci ildən bəri 300 mindən çox insanın ölkəni tərk etməyə məcbur edildiyi qeyd edilir.

Volkmann bildirib ki, Belarus hakimiyyəti xaricdəki vətəndaşlarını da təqib etməkdə, geri dönənləri həbs etməkdə davam edir və təkcə 2023-cü ildə ən az 207 nəfər Belarusa qayıdarkən həbs edilib.

ABŞ-ın BMT-dəki nümayəndəsi da çərşənbə günü keçirilən dinləmələrdə Belarusda davam edən repressiyaları pisləyib və “ədalətsiz yerə həbs edilən 1400-dən artıq siyasi məhbus”un azad edilməsinə çağırıb.

Belarusun BMT-dəki səfiri isə səslənilən ittihamların əsassız olduğunu, Belarus hökumətinin başlıca siyasətinin Belarus dövlətinin və vətəndaşlarının maraqlarının qorunmasından ibarət olduğunu deyib.

Forum

XS
SM
MD
LG