Accessibility links

Aİ dondurulmuş Rusiya aktivlərinin gəlirlərinin Ukraynaya hərbi dəstəyə yönləndirilməsini müzakirə edəcək


Brüsseldə Aİ liderlərinin növbəti sammitinə hazırlıq görülür
Brüsseldə Aİ liderlərinin növbəti sammitinə hazırlıq görülür

Avropa İttifaqı ölkələrinin liderləri martın 21-22-də Rusiyanın Avropadakı dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya hərbi yardıma yönəldilməsini müzakirə edəcək.

Avropa Komissiyası çərşənbə günü Rusiyanın Avropada 260 milyard avro dəyərindəki dondurulmuş aktivlərinin faiz dərəcələrindən əldə edilən illik təqribən 3 milyardlıq mənfəətin Ukraynaya hərbi dəstək üçün ayrılmasını təklif edib.

“Bu həftənin əvvəlində Putin sözdə seçkidə qələbə çıxışında NATO-nu üçüncü dünya müharibəsi ilə hədələyib. İndi biz dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirləri Ukraynanın xeyrinə yönəltmək üçün tez bir zamanda növbəti addımları ataraq cavabımızı bu təhlükənin miqyasına uyğunlaşdırmalıyıq”, Avropa Komissiyasının vitse-prezidenti Cozep Borrel martın 20-də Ukraynanın Baş naziri Denis Şmiqalla keçirdiyi mətbuat konfransında deyib.

Martın 18-də Avropa İttifaqı Xarici İşlər Şurası Avropa Sülh Fondu çərçivəsində Ukraynaya hərbi yardımlar üçün əlavə 5 milyard avro ayırmağa qərar verib.

Borrel qeyd edib ki, təklif qəbul edilsə, dondurulmuş Rusiya aktivlərindən gələn gəlirlər də Ukraynaya hərbi dəstək üçün Avropa Sülh Fonduna yönləndiriləcək.

TASS xəbər agentliyinin məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov dondurulmuş aktivlərdən gələn gəlirlərin istifadə edilməsinin Avropanın özünə zərbə olacağını və Moskvanın buna qarşılıq verəcəyini deyib.

“Avropalılar bu cür qərarların həm iqtisadiyyatlarına, həm də mülkiyyət toxunulmazlığının etibarlı təminatçısı kimi imic və reputasiyalarına vura biləcəyi zərəri yaxşı bilirlər. Zərər qaçılmaz olacaq. Bu cür qərarların qəbulunda iştirak edəcək şəxslər, dövlətlər onilliklər boyu qanuni təqiblərə məruz qalacaqlar”, Peskov vurğulayıb.

Brüsseldə keçirilən sammitdə liderlər Ukraynaya hərbi yardımla yanaşı, Avropanın müdafiə və təhlükəsizliyi məsələsini, o cümlədən müdafiə hazırlığının artırılması, Aİ-nin müdafiə və texnologiya sənayesinin gücləndirilməsi məsələsini müzakirə edəcək.

“İkinci Dünya Müharibəsindən bəri ən böyük təhlükəsizlik təhdidi ilə üzləşdiyimiz üçün müdafiəyə hazır olmaq və Aİ iqtisadiyyatını “müharibə zəmininə” qoymaq üçün radikal və konkret addımlar atmağın vaxtıdır”, Aİ Şurasının prezidenti Şarl Mişel üzv ölkələrin liderlərinə göndərdiyi dəvət məktubunda qeyd edib.

İkigünlük sammitin gündəliyinə Yaxın Şərqdə vəziyyət, miqrasiya və kənd təsərrüfatı ilə bağlı məsələlərin də daxil edilməsinə baxmayaraq, Prezident Volodimir Zelenskinin video-konfrans vasitəsi ilə qoşulacağı iclasın əsas mövzusunun Ukraynaya hərbi dəstək məsələsi olacağı gözlənilir.

Forum

XS
SM
MD
LG