Accessibility links

Ukraynanın dron hücumları Rusiyanın neft gəlirlərinə zərbə vurub


Təhlilçilərin hesablamalarına görə, Ukraynanın Rusiyanın neft emalı zavodlarına son silsilə raket və dron hücumları Moskvanın istehsal gücünə ciddi ziyan vurub.

Kyiv və onun müttəfiqləri Rusiyanı Ukraynaya təcavüzünü maliyyələşdirən əsas gəlir mənbələrindən birindən məhrum etməyə çalışır. Reuters xəbər agentliyinin hesablamalarına görə, zərbələr Rusiyanın neft emalı gücünü sutkada 370,5 min barel və ya ümumi həcmin 7%-i qədər azaldıb.

Martın 13-də pilotsuz təyyarənin Ryazan neft emalı zavoduna hücumu nəticəsində müəssisədə yanğın baş verib. Bundan sonra zavod iki əsas neft emalı qurğusunu bağlamaq məcburiyyətində qalıb. Moskvanın cənubunda yerləşən zavod gündə təxminən 317 min barel və ya Rusiyanın ümumi neft emalı həcminin 5,8%-ni təşkil edir.

İnternetdə yayımlanan videolarda Ukraynaya məxsus pilotsuz uçuş aparatının neft emalı zavodunun üzərindəki dumanlı səmada uçaraq, zavoda çırpıldığı və güclü partlayışa səbəb olduğunu görmək mümkündür.

Martın 12-də Moskvadan təqribən 430 kilometr şərqdə yerləşən Nijni Novqorod vilayətindəki neft emalı zavoduna növbəti pilotsuz təyyarə hücumu həyata keçirilib. Reuters mənbələrinin məlumatına görə, hücum zavodun emal gücünün yarısını sıradan çıxarıb.

Kyiv bəziləri Ukrayna ilə həmsərhəd bölgələrdə yerləşən azı yeddi müxtəlif neft emalı zavodunu vurduğunu iddia edib.

"Müharibələr tanklar, yük maşınları və s. üçün çox miqdarda dizel yanacağı tələb edir. Buna görə də müharibə üçün dizel yanacağının təmin edilməsinə görə birbaşa bu bölgə cavabdehdir", Berlindəki Herti İdarəetmə Məktəbinin enerji və geosiyasət üzrə analitiki Tomas Odonnell deyə, bildirib.

Daha şimalda yerləşən Rusiya neftayırma zavodlarına edilən hücumlar da Moskvanın karbohidrogen ixracından əldə etdiyi gəliri azaltmaq məqsədi daşıyır.

"Neft emalı zavodlarının vurulması o deməkdir ki, ixrac etdikləri dizel məhv olur və onlar bundan gəlir əldə etmək istəyirlərsə, onu neftlə əvəz etməlidirlər", Odonnell Amerikanın Səsinə deyib.

Ukrayna prezidenti Volodimir Zelenski son hücumlar fonunda Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrinin artan potensialını yüksək qiymətləndirib.

"Son həftələrdə çoxları Rusiya hərbi maşınının zəifliklərinin olduğunu gördü və biz bu zəifliklərdən silahlarımızla istifadə edə bilərik. Bizim dronlarımız həqiqətən də Ukraynanın uzaqmənzilli potensialıdır. İndi Ukraynanın həmişə səmada öz zərbə qüvvəsi olacaq" - deyə, Zelenski martın 16-da etdiyi gecə çıxışında bildirib.

Forum

XS
SM
MD
LG