Accessibility links

İran Azərbaycanı və Türkmənsəhrada edam hökmləri icra edilib


Hüquq müdafiə qurumları çərşənbə və cümə axşamı günlərində İran Azərbaycanı və Türkmənsəhra bölgələrində dar ağacından asılan 5 məhkumun adlarını yayıblar.

Norveçdə yerləşən İran İnsan Haqları təşkilatı (IHR) mart ayının 7-də Zəncanın mərkəzi həbsxanasında edam edilən məhkumların adlarını Hadi Hadixanlı və Mehdi Gorgic olaraq açıqlayıb.

42 yaşlı Hadixanlı və 50 yaşlı Gorgic narkotik maddə qaçaqmalçılığı ittihamı ilə ayrı-ayrı işlərdə mühakimə olunmuşdular.

Hüquq müdafiə qurumunun məlumatına görə, qətl ittihamı ilə mühakimə olunmuş iki digər edam məhkumu da keçən günlərdə hökmün icrası üçün Zəncan həbsxanasının təkadamlıq kameralarına göndəriliblər. Ancaq, onların taleyi ilə bağlı hələlik məlumat yoxdur.

IHR təşkilatı və HRA agentliyi eyni gündə Qərbi Azərbaycan vilayətinin Mahabad (Savcbulaq) şəhərində də iki məhkumun ölüm cəzasının tətbiq olunduğunu bildiriblər. Qətl ittihamı ilə edama məhkum olunmuş Abbas Dadvər və Fəxrəddin Mənqurnejad səhər saatlarında Mahabad həbsxanasında asılıblar.

Çərşənbə günü Türkmənsəhra bölgəsində edam edilən şəxsin adı Fərşad Rəxşani olaraq açıqlanıb. Hüquq müdafiəçiləri onun da qətl aktı ilə əlaqədar edama məhkum olunduğunu bildiriblər.

Mart ayının 6-da İranın Kaşan şəhərində də bir məhkumun edam hökmü icra edilib.

Forum

XS
SM
MD
LG