Böyük Britaniya Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Feyziyev və onun həyat yoldaşının Londonda “qanunsuz yollarla əldə edilən gəlirlərlə” satın aldıqları $50 milyon dollar dəyərindəki 22 mülkünə həbs qoyduğu məlum olub.
Fevralın 22-də Britaniya Ali Məhkəməsi Feyziyevlər ailəsinə məxsus dondurulmuş mülklərlə bağlı məsələyə baxılmasına başlayıb.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Hesabatı Layihəsi (Organized Crime and Corruption Reporting Project - OCCRP) əldə etdiyi mülkiyyət sənədlərinə istinadən xəbər verir ki, Feyziyevlər ailəsinə məxsus mülklər 2023-cü ilin iyun ayında Böyük Britaniyanın Milli Cinayət Agentliyinin (National Crime Agency - NCA) müraciəti əsasında Ali Məhkəmə tərəfindən dondurulub.
NCA Feyziyev və həyat yoldaşının dondurulmuş mülkləri çirkli pulların yuyulması yolu ilə əldə etdiyinə dair ciddi dəlillərin olduğunu, əməliyyatların daha əvvəl çirkli pulların yuyulmasında iştirak etdiyi aşkar edilən şirkətlərin vasitəsilə həyata keçirildiyini iddia edir.
Fevralın 22-də baş tutan məhkəmə dinləməsində Feyziyev ailəsinin vəkili Milli Cinayət Agentliyinin zəruri prosedurlara əməl etmədiyini və mülklərin qanunsuz yolla əldə edildiyini mübahisələndirmək üçün əsaslı dəlillərin olmadığını iddia edərək dondurma qərarının ləğv edilməsi üçün vəsatət təqdim edib.
Milli Məclisin deputatı Cavanşir Feyziyevin köməkçisi Turan Salamov Amerikanın Səsinin sorğusuna cavabında bildirib ki, məhkəmənin müsadirə ilə bağlı hələ hər hansı qərarı yoxdur. “Hazırda məhkəmədə Cavanir Feyziyev tərəfindən qaldırılan iddiaya baxılır”, Salamov əlavə edib.
Mülklərin ümumi dəyərinin $63 milyon dollar olduğu bildirilir
OCCRP yazır ki, dondurulan mülklər arasında ən bahalısı Londonda dəbdəbəli “Chelsea Barracks” yaşayış kompleksində 33 milyon dollara alınıb.
Bundan əlavə dondurulmuş mülklər sırasında Regent parkına baxan mənzil və Şimal-Qərbi Londonda yeni tikililərdə alınmış əlavə 19 mənzil də yer alır.
NCA sözügedən mülklərin ümumi dəyərinin hazırda 63 milyon dollar olduğunu qeyd edir.
Britaniya Ali Məhkəməsi yaxın gələcəkdə əmlakın dondurulmuş olaraq qalması və ya qalmamasına dair hökm verməlidir.
Böyük Britaniyanın Milli Cinayət Agentliyi bundan əvvəl Cavanşir Feyziyevin ailə üzvlərinin hesablarındakı 20 milyon dollardan artıq məbləği “Azərbaycan landromatı” kimi tanınan beynəlxalq çirkli pulların yuyulması mexanizmi ilə qanunsuz əldə edildiyini iddia edərək dondurmuşdu.
2022-ci ilin yanvarında “Westminster Magistrates” məhkəməsi pulların qanuni biznes əməliyyatlarından əldə edildiyini göstərən sənədlərin “tamamilə uydurma olduğunu və hesabları təşkil edən şəxslərin çirkli pulların yuyulması fəaliyyətlərini ört-basdır etmək üçün hazırlandığını” göstərən sübutlara istinad edərək dondurulmuş məbləğin 7 milyondan dollardan artıq bir hissəsinin müsadirə edilməsinə qərar verib.
Cəmil Həsənli: “Feyziyev bu qədər pulu təkbaşına ölkədən çıxara bilməzdi”
Cavanşir Feyziyevin 2023-cü ilin iyulunda prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeninə layiq görülməsinə diqqət çəkən Professor Cəmil Həsənli qeyd edir ki, Feyziyev bu qədər pulu təkbaşına ölkədən çıxara bilməzdi.
“Qorxu-hürküsüz hərəkət etməsindən, “Şöhrət”ordeni almasından məlum olur ki, o, bilavasitə hakim ailənin korrupsiya ortağıdır. İlham Əliyev pul qaçaqmalçılığında şübhəli bilinən Feyziyevə “Şöhrət” ordeni verdi, onun Azərbaycandan oğuradıqlarını ifşa edən Qubad İbadoğlunu saxta dollar kəsmək ittihamı ilə həbs etdi. Yəni oğruya orden, doğruya zindan”, Cəmil Həsənli Facebook səhifəsində yazıb.
OCCRP-nin 2017-ci ildə dərc edilən “Azərbaycan landromatı” araşdırma yazılarında Cavanşir Feyziyevə məxsus olduğu iddia edilən iki şirkətə çirkli pulların yuyulması mexanizmi ilə 138 milyon dollar vəsait daxil olduğu qeyd edilib.
Cavanşir Feyziyev hər hansı çirkli pulların yuyulması və ya başqa qanunsuz əməllərlə əlaqəsi olduğunu qəti şəkildə inkar edib.
Forum