Accessibility links

Qəzvin, Təbriz və Ərdəbil şəhərlərində edamlar həyata keçirilib


Təbriz Mərkəzi Həbsxanası
Təbriz Mərkəzi Həbsxanası

İran Azərbaycanında müxtəlif həbsxanalarda 3 məhbusun edam edildiyi bildirilir.

İran İnsan Haqları Təşkilatı (İranhr) və Rokna agentliyi bu barədə məlumat verib.

Yanvarın 20-də Təbrizli qadın məhbus narkotik maddə qaçaqmalçılığı ilə bağlı ittihamlarla Qəzvinin mərkəzi həbsxanasında edam edilib. Onun 41 yaşı və bir bir övladı olduğu bildirilib.

Fevralın 10-da Rokna xəbər agentliyi Təbrizin Mərkəzi Həbsxanasında “qəsdən adam öldürmə”də ittiham olunan bir gəncin edam edildiyini bildirib. Bu mənbənin yaydığı məlumata görə, o, 2019-cu ilin noyabrında bir nəfəri silahla qətlə yetirib.

Fevralın 19-da Ərdəbil Mərkəzi Həbsxanasında narkotik maddə qaçaqmalçılığı ilə bağlı ittihamlar əsasında edam cəzasına məhkum edilmiş bir məhbus asılıb. Onun 35 yaşında olduğu və Qərbi Azərbaycan vilayətinin Salmas şəhərindən olduğu bildirilib. O, 6 il əvvəl Ərdəbil vilayətində narkotik maddə daşıyarkən həbs edilmiş və məhkəmədən sonra ölüm cəzasına məhkum edilmişdi.

İran İnsan Haqları Təşkilatı həmçinin məlumatlı mənbəyə istinadən yaydığı hesabatda edama məhkum edilmiş 90 nəfərin Zəncan Mərkəzi Həbsxanasında saxlanıldığını bildirib. Bu məhbusların böyük əksəriyyəti narkotik ittihamı ilə ölümə məhkum edilib.

İran İnsan Haqları Təşkilatının saytında dərc etdiyi statistikaya görə, 2024-cü ildən İranda 81 nəfər edam edilib. Bu da onu göstərir ki, ölkədə indiyə qədər hər gün bir nəfərdən çox adam edam olunub.

Forum

XS
SM
MD
LG