Accessibility links

Urmiyə və Salmasda beş edam məhkumu qətl etdikləri şəxslərin ailələri tərəfindən əfv edilib


Urmiyə Mərkəzi Həbsxanası
Urmiyə Mərkəzi Həbsxanası

Urmiyədə qətl ittihamı ilə mühakimə olunmuş dörd məhbus qətlə yetirdikləri şəxsin ailəsi tərəfindən əfv edilərək ölüm cəzasından xilas olub.

Qərbi Azərbaycan vilayətinin Ədliyyə İdarəsinin rəisi Nasir Ətəbati bazar ertəsi günü bu barədə açıqlama verib. Ətəbati şənbə günü də Salmas şəhərində bir edam məhkumunun əfv edildiyini açıqlamışdı.

Rəsmi dövlət agentliyi İRNA-nın bildirdiyinə görə, sözügedən dörd nəfər 2021-ci ilin avqust ayında bir şəxsi qətlə yetirdikdən sonra həbs edilmişdilər.

Ədliyyə rəisinin sözlərinə görə, “bu dörd nəfərin əfvi ilə keçən təqribən 10 ay ərzində Qərbi Azərbaycan vilayətində ‘qan sahibləri’ (qətlə yetirilən şəxslərin ailələri) tərəfindən bağışlanaraq dar ağacından qurtulan məhkumların sayı 35-ə çatıb.”

Digər dövlət agentliyi İRİB isə Salmas şəhərində əfv edilən məkumla bağlı məlumat yayıb.

Salmasdakı edam məhkumu təqribən 7 il öncədən qətl ittihamı ilə əlaqədar həbs edilmişdi. Agentliyin ədliyyə rəisinə istinadən yaydığı məlumata görə, şəxsin edam hökmü İran Ali Məhkəməsində də təsdiq edilib və yaxında icra ediləcəkdi.

Agentliyin məlumatına görə, “məhkum prokurorluq, ağsaqqallar və qəbilə başçılarının vasitəçiliyi ilə qətlə yetirdiyi şəxsin ailəsindən razılıq ala bilib.”

İranda qətl ittihamı ilə edama məhkum olunanlar qətlə yetirdikləri şəxsin ailəsini diyə almağa razı etdikləri təqdirdə ölüm cəzasından qurtula bilirlər. Son möhlətə qədər diyə məbləğini hazırlaya bilməyən məhkumların ölüm cəzası tətbiq edilir. “Diyə” şəriət qanunlarına görə hesablanan təzminat növüdür.

Forum

XS
SM
MD
LG