Əfqanıstan rəsmiləri Azərbaycanın Kabildə səfirlik açdığını bildirib.
Əfqansıtan Xarici İşlər Nazirliynin nümayəndəsi Əbdül Kaxar Balxi X platformasında yazıb ki, fevralın 15-də Azərbaycanın Kabildəki səfiri İlham Məmmədov Taliban hökumətinin xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb və Kabildə səfirliyin açılması ilə bağlı rəsmi məktubu təqdim edib.
2021-ci il yanvarın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikanın Əfqanıstanda səfirliyinin təsis edilməsi haqqında qanunu imzalayıb, 2021-ci ilin iyul ayında isə İlham Məmmədovu Əfqanıstana səfir təyin edib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov keçən ilin dekabrında bildirib ki, rəsmi Bakı 2024-cü ildə Kabildə səfirlik açmağı planlaşdırır.
Siyasi şərhçi Nəsimi Məmmədli Amerikanın Səsinə deyib ki, Azərbaycan-Əfqanıstan münasibətlərindən danışarkən Azərbaycanın bu ölkədə sülhməramlı əməliyyatlarda iştirakı yada düşür.
Onun fikrincə, Azərbaycanın Əfqanıstanla digər sahələrdə əməkdaşlığı inkişaf etməyib.
“Çünki Azərbaycan siyasi, iqtisadi, nəqliyyat-kommunikasiya baxımından Əfqanıstanla heç zaman bağlı olmayıb. Bizdən uzaq coğrafiya olduğuna görə əlaqələr çox inkişaf etməyib”.
Məmmədli həmçinin bildirib ki, beş ay bundan öncə Əfqanıstan hökuməti Azərbaycanla diplomatik əlaqələr qurmağa və Kabildə Azərbaycan səfirliyinin işini bərpa etməyə hazır olduğunu bildirib.
“Bununla bərabər 2021-ci ilin yanvarında Azərbaycan prezidenti də Əfqanıstanla diplomatik əlaqələrin qurulması barədə qanunu imzalayıb. Açıq görünürdü ki, münasibətlər ikitərəfli razılaşma əsasında qurulmaq üzrədir. Fikrimcə, diplomatik əlaqələrin qurulması Azərbaycan üçün hansısa ciddi bir risk yaratmır. Çünki Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında Əfqanıstanla çoxtərəfli əməkdaşlıq edir. Eyni zamanda rəsmi Bakı Əfqanıstanla münasibətlərdə Türkiyə və Pakistanla sinxron davranmağa çalışır”, təhlilçi qeyd edib.
Əfqanıstan Azərbaycanın müstəqilliyini 21 dekabr 1991-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 16 noyabr 1994-cü ildə qurulub. Əfqanıstanın Azərbaycandakı səfirliyi 2012-ci ilin noyabr ayından fəaliyyət göstərir. Azərbaycanın isə Türkmənistandakı səfiri həm də Əfqanıstanda səfir vəzifəsini yerinə yetirib.
Azərbaycan ilə Əfqanıstan arasında indiyədək 15 sənəd imzalanıb.
Prezident Məhəmməd Əşrəf Qani 1 dekabr 2017-ci ildə “Asiyanın ürəyi-İstanbul prosesi”nin 7-ci Nazirlər Toplantısında iştirak üçün Azərbaycana səfər edib.
Hər iki ölkənin parlamentində parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı missiyası NATO qüvvələrinin tərkibində 2002-ci il noyabrın 20-dən Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəaliyyətə başlayıb. Azərbaycanın 120 nəfərlik sülhməramlıları Türkiyə sülhməramlılarının tərkibində Kabil şəhərində yerləşən Beynəlxalq Hava Limanını qoruyub.
15 avqust 2021-ci ildə Əfqanıstan İslam Respublikası süquta uğrayıb, Prezident Əşrəf Qəni hakimiyyəti Taliban hərəkatına təhvil verib.
Azərbaycan sülhməramlıları Türkiyə sülhməramlıalrı ilə birdə Əfqanıstanı sonuncu NATO qüvvəsi olaraq 26 avqust 2021-ci ildə tərk edib.
Taliban hərəkatı hakimiyyətə gələndən sonra iki ölkə arasında diplomatik əlaqələrdə bir müddət fasilə yaranıb.
Forum