Accessibility links

Vətəndaş Cəmiyyəti Koalisiyası Azərbaycandakı seçkilərdə ATƏT-dən “siyasi alət” kimi istifadə edilməməsinə çağırır


Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib

Azərbaycan Vətəndaş Cəmiyyəti Koalisiyası (AZEX) ATƏT rəsmilərini Azərbaycan hakimiyyətinə ATƏT-dən Azərbaycanda “açıq-aşkar qeyri-demokratik prezident seçkilərini təmizə çıxarmaq üçün siyasi alət” kimi istifadə etmək imkanı verməməyə çağırıb.

İnsan Haqları İnstitutu (İHİ) və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) təmsil etdiyi AZEX fevralın 7-də yaydığı bəyanatında ATƏT/DTİHB missiyasının qısamüddətli müşahidəçisi, isveçrəli parlamentar Nik Quqqerin Azərbaycana girişinə icazə verilməməsini, Azərbaycanda prezident seçkiləri ərəfəsində media və vətəndaş cəmiyyətinə qarşı təzyiqləri pisləyib.

“AZEX seçkiqabağı vəziyyətin yetərincə tənqidi olmayan ilkin qiymətləndirilməsindən narahatdır və ATƏT/DTİHB-nin ilkin hesabatını hakimiyyəti qıcıqlandırmayacaq kompromis variant kimi qiymətləndirir. Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən ATƏT-in qısamüddətli müşahidəçisi kimi akkreditə olunmuş İsveçrə parlamentarisinin ölkədən faktiki deportasiyasına ATƏT-in müşahidə missiyasından lazımı reaksiyanın olmaması da AZEX-i narahat edir”, bəyanatda vurğulanır.

Sənəddə qeyd edilir ki, Nik Quqqerin akkreditasiyasının olmasına və namizədliyinin İsveçrə Xarici İşlər Nazirliyi tərəfindən irəli sürülməsinə baxmayaraq, o, Avropa Şurası Parlament Assambleyasına üzvlük bəhanəsi ilə nümayişkaranə deportasiyaya məruz qalıb. AZEX bu addımı Azərbaycanda beynəlxalq təşkilatlara qarşı “genişmiqyaslı qaralama və demonizasiya” kampaniyasının bir hissəsi kimi qiymətləndirdiyini açıqlayıb.

AZEX həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı davam edən siyasi motivli təqiblərdən narahatlıq ifadə edib. Bəyanatda xüsusən seçkilər ərəfəsində həmkarlar ittifaqı fəalı Elvin Mustafayevin 3 il, bloger Rəşad Ramazanovun 5 il 4 ay müddətinə azadlıqdan məhrum edilməsinə, ictimai fəal və bloger Arzu Sayadoğlunun Dövlət Təhlükəsizlik Xidməti tərəfindən “oğurlanaraq” cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə diqqət çəkilir.

Azərbaycanda hakimiyyətə yaxın mediada yayılan yazıların narahatlıq doğurduğunu bildirən AZEX seçkilərin monitorinqi üzrə ixtisaslaşmış qeyri-hökumət vətəndaş təşkilatlarının Azərbaycanın dövlət maraqlarına qarşı yönəlmiş qeyri-qanuni qurumlar kimi təqdim edildiyini, Vaslav Havel mükafatı laureatı Anar Məmmədliyə qarşı təqib kampaniyasının başladığını vurğulayır.

“Yuxarıdakı hərəkətlər Azərbaycan hakimiyyətinin faktiki siyasi özbaşınalığıdır, bununla 2024-cü il yanvarın 24-dən başlayaraq Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin insan hüquqlarının sistematik şəkildə pozulmasına və ölkənin Avropa Şurası qarşısındakı öhdəliklərinə məhəl qoymamasına görə ədalətli dayandırılmasına cavab olaraq Avropa Şurası Parlament Assambleyasına etiraz edirlər”, AZEX-in həmsədri Emin Hüseynov deyib və AŞPA-nın hakimiyyətin vətəndaş cəmiyyətinə qarşı başlatdığı repressiyalara açıq qiymət verməli olduğunu əlavə edib.

Sonda bəyanatda DTİHB-nin direktoru Matteo Mekaççi, ATƏT-in baş katibi Helqa Şmit, ATƏT Parlament Assambleyasının baş katibi Roberto Montella və ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma Azərbaycandan “qeyri-qanuni olaraq qovulmuş” isveçrəli parlamentara dəstək verməyə və Azərbaycan hakimiyyətinə ATƏT-dən Azərbaycanda “açıq-aşkar qeyri-demokratik prezident seçkilərini təmizə çıxarmaq üçün siyasi alət” kimi istifadə etmək imkanı verməməyə çağırır.

Forum

XS
SM
MD
LG