Accessibility links

Şərqi Azərbaycan valisinin müalicəsinin uzadılması onun səhhəti və vəzifəsi ilə bağlı şübhələr yaradıb


14 dekabrda Sepah komandirləri Şərqi Azərbaycan valisini xəstəxanada ziyarət edib
14 dekabrda Sepah komandirləri Şərqi Azərbaycan valisini xəstəxanada ziyarət edib

İranın Şərqi Azərbaycan vilayətinin valisi Abidin Xürrəm son aylarda kəskin xəstəlik səbəbindən Təbrizdə xəstəxanaya yerləşdirilib və müalicə prosesi davam edir.

İran mediasının məlumatına görə, İbrahim Rəisi hökumətində siyasi vəzifə olan Şərqi Azərbaycan Valiliyinin rəhbəri olan bu Sepah komandiri son aylarda xəstəxanaya yerləşdirilərək müalicə edilir. Mətbuatda yayılan məlumata görə, o, bu il yanvarın 2-dən yenidən xəstəxanaya yerləşdirilib və hələ də müalicə prosesi davam edir.

İranın rəsmi dövlət xəbər agentliyi İRNA, İslam İnqilabı Keşikçilər Korpusunun komandirləri və Təbrizin imam cüməsi Seyyid Məhəmmədəli Ali-Haşim Təbrizdəki İmam Rza xəstəxanasında müalicə olan valini ziyarət etməsi ilə bağlı xəbərlə dərc edib.

Mehr xəbər agentliyi yanvarın 2-də Abidin Xürrəmin xəstəxanaya yerləşdirilməsi xəbərini işıqlandırarkən onun xəstəliyinin qrip və ağciyər xəstəliyi olduğunu qeyd etmişdi. Daxili işlər nazirinin siyasi müavini Məhəmmədtağı Şahçeraqi Təbrizdə keçirdiyi iclasda Xürrəmin xəstəliyini "qrip və Korona arasında bir şey" kimi şərh edib.

Xürrəm yanvarın 2-də yenidən xəstəxanaya yerləşdirilməzdən əvvəl də bir müddət xəstəxanada müalicə olunmuşdu. Lakin sağlamlığının pisləşməsi nəticəsində təkrar müalicə prosesini başladıb. Valiliyin ictimaiyyətlə əlaqələr üzrə direktoru Əzizi Rad ötən il dekabrın 9-da mətbuata məlumat vermişdi ki, vali mövsümi qripə görə xəstəxanaya yerləşdirilib.

Şərqi Azərbaycan valiliyinin siyasi müavini Türab Məhəmmədi daxili işlər nazirinin siyasi müavini tərəfindən Abidin Xürrəm əvəzinə valiliyi rəhbərlik etməklə vəzifələndirilib. Bununla belə, daxili işlər nazirinin siyasi müavini, Xürrəmin valilik vəzifəsindən uzaqlaşdırılması və ya istefaya göndərilməsi ilə bağlı hər hansı şayiənin yalan olduğunu və onun qəti şəkildə Şərqi Azərbaycanın valisi olaraq vəzifəsinə davam etdiyini bəyan edib.

Yerli xəbər saytlarından biri olan "Azər-Qələm" belə şayiələrin yayılması barədə yazıb ki, Xürrəmin Təcili tibbi yardım maşını ilə valilik sarayından xəstəxanaya köçürülməsi bu şayiələri xeyli gücləndirib. Ancaq Şərqi Azərbaycan valisinin xəstəxanada müalicə prosesinin uzadılması onun səhhəti, həmçinin mövqeyi ilə bağlı təsdiqlənməmiş xəbərlərin yayılmasına səbəb olur.

Buna görə də, İran mediası son günlərdə, İran İslam İnqilabı Keşikçiləri Korpusu komandirləri və Təbriz imam cüməsinin Xürrəmi xəstəxanada ziyarət etdiyini və onun səhhətinin yaxşılaşması xəbərini dərc edir. Lakin dərc olunan xəbərlərin düşündürücü məqamı, dekabrdakı ziyarətlərinə aid olan şəkillərdən istifadə edilməsidir. Bu durum, Şərqi Azərbaycan valisinin səhhəti ilə bağlı son vəziyyəti barəsində şəffaflığın və dəqiq məlumatın çatdırılmaması şübhələrə səbəb olur.

Forum

XS
SM
MD
LG