Accessibility links

Urmiyə gölünün yatağında malçlama əməliyyatı narahatlığa səbəb olub


Urmiyə gölü
Urmiyə gölü

Bir müddət əvvəl Təbrizin Səhənd telekanalında Urmiyə gölünün qurumuş yatağında malçlama işlərinə başlanılması ilə əlaqədar xəbər yayılıb.

Səhənd telekanalının reportajında gölün ən uzun sahili olan və bu layihənin bu şəhərdən başladığı Əcəbşir şəhərinin meri deyib ki, layihə bölgəni təhdid edən təhlükələrin, o cümlədən qurumuş göldən qalxan duz hissəciklərinin hərəkətinin qarşısını almaq məqsədilə tədqiqat layihəsi kimi həyata keçirilir.

Xəbər sosial şəbəkələrdə yayılaraq, istifadəçilər tərəfindən tənqidi reaksiya ilə qarşılanıb, çünki televiziya reportajında malç materialının ətraf mühitə uyğunluğu vurğulansa da, bir çox sosial media istifadəçisi bunu Urmiyə gölünün qurumuş olduğu və hakimiyyətin bunu qəbul etdiyi kimi qiymətləndirib. Təkcə sosial şəbəkə platformaları istifadəçiləri deyil, bəzi İran mediası da bu xəbəri gölün dirçəlməsinə ümidin itməsi kimi dəyərləndirib, məsələn, Fararu saytı bu xəbəri "Urmiyə gölünün su ilə vidalaşması" başlığı ilə əks etdirib.

Əcəbşir sahilində Urmiyə gölünün quru yatağında malçlama xəbəri vilayətin ətraf mühit təşkilatı müdirlərinin də reaksiyası ilə qarşılaşıb.

Şərqi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Təşkilatının direktoru Şəhnam Əştəri bildirib ki, bu layihə həmin təşkilatdan icazə alınmadan həyata keçirilib. Əştəri həmçinin əlavə edib ki, həmin şəhərin ətraf mühitin mühafizəsi təşkilatı şöbəsinin həmkarları malçlama yerinə gedib əməliyyatın qarşısını alıb.

Bununla belə, Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Əli Səlaciqə jurnalistlərin Urmiyə gölünün malçlama layihəsi ilə bağlı sualının cavabında bunu bir tələbənin elmi işi ilə bağlı hesab edərək bildirib ki, “bir tələbə elmi işə görə gedib təxminən 60 kvadratmetr sahədə laboratoriya və tədqiqat işləri aparıb."

6 sentyabr 2020 (sağ) və 7 sentyabr 2023 (sol) NASA-nın yer rəsədxanasının peykləri tərəfindən çəkilən şəkillər
6 sentyabr 2020 (sağ) və 7 sentyabr 2023 (sol) NASA-nın yer rəsədxanasının peykləri tərəfindən çəkilən şəkillər

Şərqi Azərbaycanın Təbii Ehtiyatlar İdarəsinin direktoru Sirus Davudi jurnalistlərə deyib: “Bizim Urmiyə gölü hövzəsinin malçlanması adlı layihəmiz yoxdur”. Davudi 400 kvadratmetr sahədə tədqiqat layihəsi olaraq malçlama planı kimi xarakterizə etdiyi layihənin bir şirkət tərəfindən təklif edildiyini və buna icazə verilmədiyini bildirib.

Beləliklə rəsmilərin bu xəbər barəsində fərqli açıqlamaları birmənalı mövqelərinin olmadığını da göstərir. İranın islahatçı hərəkatına yaxın olan “Arman Melli” qəzeti yazır ki, “Burada gündəmə gələn sual budur ki, bu böyüklükdə tədqiqat layihəsi koordinasiya olunmadan həyata keçirilə bilərmi? Niyə Ətraf Mühitin Mühafizə Təşkilatı bu günlərdə ancaq müəyyən bir bataqlığın və ya Urmiyə gölünün öldüyünü və ya Təbriz elektrik stansiyasının açıq şəkildə mazut yanacağının yandırılmasını elan etməklə kifayətlənir? Ətraf Mühitin Mühafizə Təşkilatının vəzifəsi nədir? Ətraf mühiti qorumaq üçün praktiki bir şey etmirmi?"

Mütəxəssislər və ətraf mühitə qayğı ilə yanaşan insanlar tərəfindən təkcə malçlamanın özü gölün canlandırılmasına ümidin kəsilməsinin əlaməti kimi tənqid edilmir, həm də texniki və elmi baxımdan hətta toz fırtınası ilə mübarizədə bu metodun effektivliyi də bəzi ekspertlər tərəfindən şübhə altına alınıb.

Bataqlıqların idarə olunması üzrə ekspert Əli Ərvahi “Khabaronline” saytına deyib: “Urmiyə gölünün duz yatağı incə təbəqə deyil ki, malçlama ilə asanlıqla sabitləşsin."

O, bununla bağlı ölkənin bəzi bataqlıqlarının, o cümlədən Xuzistan vilayətində yerləşən bataqlığın malçlanma təcrübəsinin uğursuz nəticəsini misal göstərib.

Forum

XS
SM
MD
LG