Fransa prezidenti Emmanuel Makron yanvarın 9-u təhsil naziri Qabriel Attalı Fransanın yeni baş naziri təyin edib.
“Respublika Prezidenti cənab Qabriel Attalı baş nazir təyin etdi və ona hökuməti formalaşdırmaq tapşırığı verdi”, Yelisey sarayının məlumatında qeyd edilir.
COVID-19 pandemiyası dönəmində hökumətin sözçüsü kimi məşhurlaşan 34 yaşlı Qabriel Attal bundan əvvəl təhsil naziri kimi fəaliyyət göstərirdi. Makron yeni təyinatla onun ilk dəfə prezident seçildiyi dönəmdə olduğu kimi cəsarətli dəyişiklik ruhunu geri qaytarmağı hədəflədiyini bildirib.
“Əziz Qabriel Attal, mən bilirəm ki, sizin enerjinizə və elan etdiyim yenidən silahlanma və regenerasiya layihəsini həyata keçirmək öhdəliyinizə arxalana bilərəm. 2017-ci ilin ruhuna sədaqətlə: üstün və cəsarətli. Millətin və Fransızların xidmətində”, Makron X səhifəsində yazıb.
Fransa mətbuatı yazır ki, ötən ilki qeyri-populyar pensiya və immiqrasiya islahalatlarından, habelə ötən yay 17 yaşlı yeniyetmənin ölümünə görə baş verən iğtişaşlardan və kütləvi etirazlardan sonra Emmanuel Makron hökumət dəyişikliyi ilə siyasi hakimiyyətinə yeni nəfəs gətirmək niyyətindədir.
Çərşənbə axşamı Yelisey sarayında baş nazir kimi ilk çıxışını edən Attal baş nazir vəsifəsində üç prioritetinin məşğulluq, iqtisadi açılım və diqqəti gənclərə yönəltmək olacağını qeyd edib.
Qabriel Attal Fransa tarixinin ən gənc və açıq şəkildə gey olduğunu ifadə edən ilk baş naziridir.
Forum