Ərdəbil şəhərində yaşayan güneyli milli fəal Pərviz Siyabi səhhətindəki problemlərə və yaşlılığına baxmayaraq, həbs cəzasının qalan hissəsini çəkmək üçün həbsxanaya qayıtmaq məcburəiyyətində qalıb.
Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Ərdəbildə 5 nəfərlik məhkəmə tibbi ekspertiza heyəti onun həbs şəraitinə dözə bilmədiyini təsdiqləyib. Lakin buna baxmayaraq, məhkəmə onu həbsxanaya qayıtmağa və cəzasının qalan hissəsini çəkməyə məcbur edib.
Bu ilin martında onun Ərdəbil həbsxanasından iki aylıq məzuniyyətə göndərilməsi xəbəri yayılıb. 76 yaşlı azərbaycanlı fəalın bir çox fiziki xəstəlikləri var və bu səbəbdən tibbi ekspertizanın qərarı ilə onun həbsxanaya köçürülməsinə razılıq verilmirdi.
Pərviz Siyabi "sistemə zidd olan media ilə müsahibə verərək və sosial mediada gerçək olmayan məzmunlar paylaşaraq İran İslam Respublikasına qarşı təbliğat aparmaq", “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qruplaşmaları idarə etmək” və “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qruplaşmalarda üzv olmaq” ittihamlarından mühakimə olunub və 16 il müddətinə həbs cəzası alıb, lakin,daha sonra Apellyasiya Məhkəməsində bu cəza 6 ilə endirilib.
O, keçən il noyabrın 9-da təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək 6 il həbs cəzasının tətbiq edilməsi üçün Ərdəbil həbsxanasına köçürülmüşdü. Təqribən 5 ay müddətinə Ərdəbil həbsxanasında qaldıqdan sonra xəstəliyi səbəbilə məhkəmə tibbi ekspertiza qərarı ilə məzuniyyətə buraxılmışdı.
2021-ci il iyul ayının 24-də İranda azərbaycanlılar İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində ərəb icmasının aksiyalarına dəstək məqsədilə etiraz mitinqi keçirmişdilər. Pərviz Siyabi Təbrizdə keçirilən etiraz mitinqindən bir gün sonra Ərdəbil şəhərində həbs edilmişdi.
Forum