İran Azərbaycanının Ərdəbil şəhərində yaşayan milli fəal Pərviz Siyabi müvəqqəti olaraq azadlığa buraxılıb.
İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yayımladığı məlumata görə, Ərdəbilin Ciral Parkındakı mitinq məhbuslarından biri Pərviz Siyabi Gürcan oktyabrın 5-də Ərdəbil Həbsxanasından girov müqabilində sərbəst buraxılıb.
Bu milli fəalın sərbəst buraxılmasından sonra yayımlanan şəkilləri onun ağır işgəncələrə məruz qaldığını göstərir.
Qol bölgəsindəki qırıqlar, kürək və qollardakı göyərən yerlər aktivistin tutulması zamanı ağır şəkildə döyüldüyünü göstərir.
Pərviz Siyabi Gürcan sentyabrın 29-da Əsgər Əkbərzadə, Mehdi Huşmənd, Səccad Colani, Hüseyn Bala Xani, Müctaba Pərvin, Mustafa Pərvin, Məhəmməd Colani, Hamid Heydəri Barıs, Bəhmən Xeyrcu, Murtəza Pərvin, və Subhan Bəxşi ilə birlikdə Qarabağa dəstək aksiyasında İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.
Bu milli fəallara sentyabrın 30-da hakim Babək Nonəhalın rəhbərlik etdiyi Ərdəbil İnqilab Prokurorluğunun 10-cu şöbəsində ittihamlar irəli sürülüb və hər biri üçün 500 milyon tümən girov təyin olunduqdan sonra Ərdəbil Həbsxanasına köçürülüblər.
Ərdəbil şəhərində Qarabağa dəstək mitinqində həbs edilən milli fəallardan 10-u - Əsgər Əkbərzadə, Mehdi Huşmənd, Səccad Colani, Hüseyn Bala Xani, Muctaba Pərvin, Mustafa Pərvin, Məhəmməd Colani, Bəhmən Xeyrcu, Murtaza Pərvin, və Subhan Bəxşi hələ də Ərdəbil həbsxanasında saxlanılırlar.
Bu vətəndaşlara qarşı irəli sürülən ittihamlara "İran rəhbərliyini təhqir etmək, ictimai asayişi pozmaq, dövlət məmurlarına qarşı üsyan qaldırmaq və mitinqlərdə iştirak edərək milli təhlükəsizliyə qarşı hərəkət etmək" daxildir.
Polis məmurları və təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib və mitinqdə iştirak edənləri döyərək onları dağıdıb.
Ərdəbil prokuroru Seyyid Əbdullah Təbatəbayi bu vətəndaşların bədənlərindəki döyülmə izlərini gördükdən sonra döyülmə izlərini və protokolları bir məhkəmə həkimi vasitəsi ilə qeyd etməkdən imtina edib.