Azərbaycan Dövlət Gömrük Komitəsinin 2023-cü ilin ilk 9 aylıq hesabatına əsasən, bu il ərzində ölkəyə gətirilən elektrik mühərrikli avtomobillərin sayı keçən illə müqayisədə dəfələrlə artıb. 2022-ci ilin ilk doqquz ayında ölkəyə gətirilən bu növ avtomobillərin sayı təxminən 300 ədəd olduğu halda, 2023-cü ilin ilk 9 ayında bu rəqəm 2100-dən çox təşkil edib.
Bu göstəricilərin arxasında duran səbəblər və bütövlükdə ölkədə elektrik mühərrikli avtomobillərin gələcəyi haqda iqtisadçı Toğrul Vəliyevlə danışdıq.
- Azərbaycanda elektrik mühərrikli avtomobillərin sayında kəskin artım müşahidə edilib. Bunun səbəbini izah edə bilərsinizmiz? Azərbaycan hökumətinin elektik avtomobillərinin sayının artması ilə bağlı bir siyasəti varmı?
- Bloomberg-in tədqiqatına görə, bir ölkədə əhalinin elektrik avtomobillərə adaptasiyası üçün onların sayı ümumi maşın sayının 5 faizini keçməlidir. Yəni ki, həmin sayı keçəndən sonra elektrik avtomobillərin ənənəvi mühərrikli avtomobillərlə rəqabətdə olduğunu demək olar. 2022-ci ilin rəqəmlərinə əsasən Azərbaycanda elektrik avtomobillərin payı 0.07 faiz, hibrid avtomobillərin payı isə 2.29 faiz təşkil edir. Ona görə də indiki halda bir tendensiya haqda danışmaq hələ tezdir.
Azərbaycanda ölkəyə idxal edilən elektrik avtomobillər gömrük rüsumundan, ƏDV-dən və bir neçə digər ödənişlərdən azaddır. Lakin gömrük rüsumundan azadolma yalnız son üç il müddətində istehsal edilən avtomobillərə tətbiq edilir. Biz hamımız başa düşürük ki, Azərbaycana yeni avtomobil gətirən çox azdır. Əhalinin gəlirləri o qədər çox deyil.
- Elektrik mühərrikli avtomobillərin istifadəsi və potensial tələbin artımı üçün Azərbaycanda müvafiq infrastrukturun qurulması müşahidə edilirmi?
- Digər ölkələrə nəzər salsaq, elektrik avtomobillərinin sayının artmasının arxasında müəyyən iqtisadi səbəblər durur. Bu nəqliyyat vasitəsi ucuz olmalıdır. Qiymət baxımından yox, istifadə baxımından. Məsələn, yanacağa çəkilən məsrəflə müqayisədə. Nə qədər şikayət etsək də, Azərbaycanda ümumən nisbətdə benzin daha ucuzdur. Bu səbəbdən, elektrik avtomobilləri istifadəsi Azərbaycanda yanacaqla çalışan avtomobillə müqayisədə ucuz olmayana qədər bu, bir trendə çevrilməyəcək.
Digər məsələ isə tələbatla bağlıdır. İnfrastrukur boş yerdə yaradılanda çox mənasız bir şeyə çevrilir. Ona görə də tələbat olmalıdır ki, nəsə yaransın.
Forum