Oktyabrın 13-də Bakıda 22 dekabr 1991-ci il tarixində Azərbaycanın Xocalı rayonunun Meşəli kənd sakinlərinin kütləvi qətlində iştirak etməkdə ittiham olunan Qarabağın erməni əsilli sakini Vaqif Xaçatryanın cinayət işi üzrə hazırlıq iclası keçirilib. Bu arada Ermənistan rəsmisi məhkəmə prosesini tənqid edərək onu "saxta" adlandırıb.
İşə Bakı Hərbi Məhkəməsi Yasamal Rayon Məhkəməsinin binasında hakim Zeynal Ağayevin sədrliyi ilə baxır.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, o, vəkil və tərcüməçi ilə təmin edilib. Xaçatryanın hüquqlarını vəkil Natiq Bəybalayev müdafiə edir.
Dövlət ittihamını baş prokurorun köməkçisi, ədliyyə generalı Müqəddəs Sultanov və Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin prokuroru Cövdət Mehrəliyev müdafiə edir.
Zərərçəkmiş şəxs qismində Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi Murad Hüseynov iştirak edir. Bundan başqa, Meşəli kəndindəki hadisələr zamanı öldürülmüş Kərim Hümmətovun oğlu Hüseyn Hümmətov da zərərçəkmiş şəxsin hüquqi varisi kimi iştirak edir.
Dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına verilməsini və təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməməsini xahiş edib. Mahiyyəti üzrə dinləmələr oktyabrın 17-nə təyin edilib.
Ermənistan xarici işlər nazirliyinin sözçüsü Ani Badalayan Xaçatryanın həbsini "insan oğurluğu" kimi qiymətləndirib.
"Beynəlxalq humanitar qanunların kobud şəkildə pozuntusu olaraq qeyri-qanuni insan oğruluğu indi əziyyət çəkən 68 yaşlı vətəndaşın fotolarının və videolarının dərc olunması ilə müşayiət olunur. Beynəlxalq insan haqları təşkilatlarının və institutların xahiş etdikləri kimi, Bakının hələ də girov saxladığı erməni əsirlər və mülki vətəndaşlar sərbəst buraxılmalıdır," Badalyan bildirib.
Vaqif Xaçatryan iyulun 29-da Ermənistana getməyə çalışarkən "Laçın" nəzarət-buraxılış məntəqəsində saxlanılıb.
Onun barəsində Azərbaycanda 22 dekabr 1991-ci il hadisələri ilə əlaqədar açılmış cinayət işi üzrə axtarış elan olunub.
Xaçatryan və əlbirləri Xocalı rayonunun Meşəli kəndinə 25 azərbaycanlını öldürməkdə, 14 nəfəri yaralamaqda, 358 azərbaycanlını qanuni yaşayış yerlərindən qovmaqda ittiham edilir.
Xaçatryan Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırım) və 107-ci (əhalinin deportasiyası və ya zorla köçürülməsi) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub.
Ermənistan tərəfi ilk gündən Vaqif Xaçatryanın günahsız olduğunu bildirib və Azərbaycanın rəsmi qurumlarını onu "oğurlamaqda" günahlandırıb.
Forum