Accessibility links

Yaxın Şərqdə gərginlik neft qiymətlərinə necə təsir edəcək?


Yaxın Şərqdə gərginlik neft qiymətlərinə necə təsir edəcək?
please wait

No media source currently available

0:00 0:04:53 0:00

HƏMAS-ın hücumu və İsrailin cavabı Yaxın Şərqdə gərginliyin artması və bunun nəticəsində qlobal enerji bazarına və dünya iqtisadiyyatına təsiri narahatlıq doğuran mövzulardan biridir. Döyüşlər haqda xəbərlər gələndən sonra xam neft qiyməti 4 faiz artaraq bir barrel üçün 86 dollar təşkil etdi. Növbəti günlər neftin qiyməti aşağı düşsə də, qiymətin yenidən qalxması ehtimalı az deyil.

Ankara Yıldırım Beyazit Universitetinin iqtisadiyyat müəllimi Kənan Aslanlı Yaxın Şərqin qlobal neft istehsalının üçdə birini təşkil etdiyini və bu səbəbdən regionda baş verən gərginliklərin neft qiymətinə həm birbaşa, həm də dolayı təsiri olduğunu deyir:

“Chevron şirkəti həm İsraildən Misirə qaz ixracatını dayandırıb, həm də İsrailin Aralıq dənizindəki qaz yataqlarındakı istehsalını dayandırıb. Bu cür birbaşa təsirlər də ola bilər, dolayı təsirlər də ola bilər. Dolayı təsirlər daha çox dünya neft bazarındakı treyderin gözləntiləri ilə bağlıdır.”

Hal-hazırda münaqişənin genişləməsi ilə bağlı narahatlıqların olduğunu qeyd edən iqtisadçı əlavə edir ki, baş verdiyi halda bu, neft qiymətinə təsirsiz ötüşməyəcək. Xüsusən də, hər kəsin diqqəti münaqişəyə cəlb olunacağı halda İrana qarşı sanksiyaların sərtləşməsi və yaranmış vəziyyət nəticəsində Səudiyyə Ərəbistanının neft istehsalının azaltması ehtimalına yönəlib:

“Bildiyimiz kimi, Amerikanın vasitəçiliyilə İsrail və Səudiyyə Ərəbistanı arasında yeni bir sazişin, anlaşmanın, diplomatik yumşalmanın yeni mərhələsinin başlayacağı ilə bağlı siqnallar var idi. Hətta üçlü bir saziş də ortaya çıxa bilərdi. Hətta Amerika Səudiyyə Ərəbistanı arasında təhlükəsizlik paktı da ortaya çıxa bilərdi. Fərqli ssenarilər danışılırdı. Məhz bu HƏMAS hücumlarından qısa müddət öncə Amerikanın bu jestinə cavab olaraq, Səudiyyə Ərəbistanı tərəfi də müsbət münasibətlərini göstərmək üçün, bir növ diplomatik jest olaraq, neft hasilatını və neft ixracının azalması ilə bağlı qərarlarını yenidən nəzərdən keçirə biləcəklərini bəyan etmişdilər. Dolayısıyla, bu münaqişədən sonra bu məsələnin də artıq bu cür olmayacağını, Səudiyyə Ərəbistanının əvvəl elan etdiyi neft ixracında azalma siyasətinə davam edəcəyini artıq biz görürük.”

Neft qiymətlərinin artacağı halda büdcəsinin əhəmiyyətli hissəsinin neft gəlirlərindən formalaşdığı və bir il yarım öncə Ukraynaya hərbi müdaxilədən sonra Qərbin sanksiyaları ilə üzləşən Rusiyanın mövqeyinə necə təsir edəcəyi haqda suala Şimali Dakota Universitetinin maliyyə professoru Fariz Hüseynov burada həm Rusiyanın nefti sata biləcəyi bazarın həcmi, həm də satdığı neftin müqabilində aldığı valyutanın əsas rol oynadığını deyir:

“Ümumi rəqəmlər göstərir ki, Rusiya yenə də kifayət qədər neft sata bilir, amma müəyyən qədər aşağı qiymətdə. Son hesabatlar var ki, Rusiya ola bilsin ki, Hindistana satdığı neftin qiymətini bir az artıra bilib. Ordan əldə etdiyi vəsait rupi formasındadır və Hindistandan aldığı bu rupilər artıq bir ildən artıqdır ki, Rusiyaya bir problemə çevrilib. Çünki onun əvəzində gərək Hindistandan nəsə alsın.”

Rusiyaya qarşı sanksiyaların işlədiyini qeyd edən Fariz Hüseynov bildirir ki, mövcud durumda Rusiya satdığı nefti müharibədə ehtiyac duyduğu silahlarla barter edə bilər.

“Ola bilsin ki, satdığı vəsaiti çox rahat şəkildə geriyə ala bilməsin. Çünki nəticədə sanksiyalar təsir edir. Rusiya üçün çıxış yolu nədir? Ola bilsin ki, barter üsulu ilə hansısa başqa mallar alsın və o malları aparsın kiməsə versin və onlardan silah alsın. Məsələn, Şimali Koreya, ola bilsin Çin.”

Neftin Azərbaycan büdcəsinin formalaşmasında da əhəmiyyətli rola malik olduğunu nəzərə alsaq, neft qiymətlərin artımı ölkənin gəlirinin artması ilə nəticələnəcək. Amma iqtisadçı Fərid Mehralızadə xəbərdarlıq edir ki, neft qiymətlərinin artmasının Azərbaycana təsiri yalnız müsbət olmayacaq.

“Təbii ki, dünyada enerji qiymətlərinin qalxması, Azərbaycanın resurs gəlirlərini artırır bir tərəfdən. Amma digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, bu qiymət artımları eyni zamanda qlobal inflasiyanın artmasına gətirib çıxarır. Digər tərəfdən biz nəzərə alsaq ki, Azərbaycan bir çox məhsulun, xüsusən də qidə məhsullarının idxalçısıdır, bu hökumətin gəlirlərini artırsa da, əhalinin sosial rifahına bu bir qədər də müsbət təsir etməyəcək. Çünki, bizim idxal etdiyimiz bir çox məhsulların qiyməti artacaq. Çünki onların maya dəyəri yüksələcək, enerji məhsullarının qiyməti artacaq.”

Forum

XS
SM
MD
LG