Sentyabrın 20-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun saxlanıldığı bildirilir. Bu barədə Amerikanın Səsinə ictimai fəal Əhməd Məmmədli bildirib.
Onun sözlərinə görə Afiəddin Məmmədov evinin yaxınlığında polis tərəfindən saxlanılıb: "Səbəb kimi də onun yaşadığı binadan çıxarkən bir şəxsi bıçaqlaması göstərilib. Plan elə qurulub ki, Afiəddin binadan çıxarkən bir nəfər ona yaxınlaşaraq özünə bıçaqla xəsarət yetirib və bıçağı Afiəddinin üstünə atıb. Polis dərhal Afiəddini saxlayıb".
Əhməd Məmmədli bildirib ki, Afiəddin Məmmədov Xətai Rayon Polis İdarəsində saxlanılır.
Vəkil Zibeydə Sadıqovanın məlumatına görə Afiəddin Məmmədov barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıqla silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi açılıb. Bu maddə ilə 2 ildən 5 ilədək müddətə həbs cəzası düşür.
Afiəddin Məmmədov avqustun 31-i xırda xuliqanlıq və polis işçisinin əmrinə tabe olmama ittihamları ilə 30 günlük həbs cəzasından sonra azadlığa buraxılıb.
Təşkilatın üzvləri Elvin Mustafayev və Ayxan İsrafilova qarşı daha ağır ittiham irəli sürülüb. Onlar narkotik maddələrin hazırlanması, daşınması və satışı da daxil olmaqla müxtəlif ittihamlarla həbs olunublar və hər ikisi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu ittihamlarla Elvin Mustafayevi 5 ildən 12 ilədək, Ayxan İsrafilovu isə 3 ilədək həbs cəzası gözləyə bilər.
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası 2022-ci il martın 1-də bir qrup işçi fəallar tərəfindən qurulub. İttifaqın məqsədi Azərbaycanda baş verən işçi istismarına qarşı mübarizə aparmaq, işçilərə ödənişsiz hüquqi yardım göstərmək, həmkarlar ittifaqı ənənəsini yenidən bərpa etmək, işçiləri təşkilatlandırmaq və birgə mübarizəyə təşviq etməkdir.
Forum