Accessibility links

Azərbaycanda gömrük əməkdaşı rüşvət aldığına görə həbs edilib


Azərbaycan Dövlət Gömrük Komitəsi
Azərbaycan Dövlət Gömrük Komitəsi

Azərbaycan Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinin eksperti Aslan Bayramov qanunsuz avtomobil idxalı müqabilində rüşvət aldığına görə həbs edilib.

Azərbaycan Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsinin birgə məlumatında deyilir ki, Aslan Bayramovun ayrı-ayrı şəxslərdən rüşvət qismində aldığı 13 min 500 manat məbləğində pul vəsaiti müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2023-cü ilin may-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 45 avtomobilə aid sənədləri saxtalaşdıraraq qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.

Aslan Bayramov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarilə həbs qətimkan tədbiri seçilib.

Həbs edilən şəxsin yaxınları və vəkilləri hələ Baş Prokuroluğun və Gömrük Komitəsinin birgə məlumatına münasibət bildirməyib.

Bundan öncə, Azərbaycan Gömrük Komitəsinin vəzifəli şəxsləri və digərləri bu il avqustun 16-da eyni ittihamlarla həbs edilib.

Azərbaycan Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsinin birgə məlumatında deyilir ki, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin inspektoru Məzahir İsmayılovun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialının müdiri Elşan Abdullayevin və “ƏR TRANSPORT” MMC-nin faktiki rəhbəri Ədalət Quliyevin əlbir olaraq vətəndaşdan 8 min manat məbləğində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Artıq illərdir gömrük orqanlarının çoxsaylı vəzifəli şəxsləri rüşvət almaq, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbsə məhkum edilir. Bununla yanaşı müşahidəçilər bu sistemdə neqativ halların hələ də davam etdiyini bildirir.

Təhliçilər gömrük strukturunda ciddi islahatlara, şəffaflığın artırılmasına, ictimai nəzarətin gücləndirlməsinə ciddi ehtiyac duyulduğunu bildirir.

Forum

XS
SM
MD
LG