Accessibility links

Əkbər Azad sürgün cəzasını çəkmək üçün yenidən İlam vilayətinə göndərilib


Əkbər Azad İlam vilayətinə sürgün cəzasını çəkmək üçün yola düşür
Əkbər Azad İlam vilayətinə sürgün cəzasını çəkmək üçün yola düşür

Türk dil hüquqları müdafiəçisi olan Əkbər Azad sürgün cəzasını çəkmək üçün İlam vilayətinə yenidən qayıtmaq məcburiyyətində qalıb.

Bölgədəki hüquq müdafiəçilərinin yaydığı məlumata görə, güneyli fəal Əkbər Azad 2 illik sürgün cəzasının geri qalan hissəsini çəkmək üçün iyulun 29-da İlam vilayətinin Dərəşəhr şəhərinə göndərilib.

Əkbər Azad MS xəstəliyindən əziyyət çəkən oğlunun vəziyyətinin pisləşməsindən sonra iyunun 16-da Tehrana qayıtmışdı.

Güneyli fəal Əkbər Azad bundan bir həftə əvvəl İlam vilayətinə göndərilmişdi. O, xəstə oğlunun vəziyyətinin pisləşməsinə dair xəbər aldıqdan sonra Tehrana qayıtmışdı.

Güneyli fəalın Tehranda təxminən 40 gün qaldıqdan sonra sürgün cəzasını çəkmək üçün yenidən İlam şəhərinə qayıtdığı bildirilir.

İranda türk dil haqları fəalları olan Əlirza Fərşi, Behnam Şeyxi, Həmid Mənafi Nadarlı və Əkbər Azad ölkədə türklərin ana dilində təhsil hüquqları uğrunda fəaliyyətlərindən dolayı 2 il həbs və əlavə olaraq ölkənin türk əhalisi olmayan bölgələrində 2 il sürgün cəzasına məhkum edilmişdilər.

Əkbər Azad 2021-ci ilin avqust ayında 2 illik həbs cəzasını çəkmək üçün Böyük Tehran Həbsxanasına göndərilsə də yaşı və sağlamlıq vəziyyəti üzündən bir müddət sonra şərti azadlığa buraxılmışdı.

Həmin güneyli fəallar 2014-cü ilin fevral ayında Tehran vilayətinin Baharistan şəhərində bir evdə Dünya Ana Dili Gününü qeyd etdikləri zaman nəzarət altına alınmışdı.

2017-ci ilin fevral ayında Baharistan şəhərinin İnqilab Məhkəməsi onlara 10 ildən 15 ilə qədər həbs və 2 il sürgün cəzası vermişdi. Lakin Tehran vilayətinin Apellyasiya Məhkəməsi 2019-cu ilin dekabr ayında fəalların hökmünü 2 il həbs və 2 il sürgün cəzası olaraq dəyişdirib. Sivil fəaliyyətlər aparan həmin fəallar məhkəmə tərəfindən “milli təhlükəsizliyi pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq" ittihamları əsasında suçlanıblar.

Azərbaycanlı milli fəal Əkbər Azadın 67 yaşı var. O, sosiologiya üzrə təhsil alıb və fəaliyyətinin dövrü redaktorluq, tərcümə və yazı işləri ilə məşğul olub.

Bəzi güneyli milli fəallar, o cümlədən Abbas Lisani və Əlirza Fərşi sürgün hökmünə tabe olmayacaqlarını bildirərək, sürgündə yaşamağı rədd ediblər. Digər türk dil haqları fəalı olan Əlirza Fərşi iyunun 3-də öz İnstagram hesabında paylaşdığı bir yazıda sürgün cəzasına tabe olmacağını və Xuzistan vilayətinə qayıtmayacağını qeyd edib.

XS
SM
MD
LG