Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki “qeyri-qanuni erməni silahlı dəstələri” tərəfindən ölkənin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq olunur.
Müdafiə Nazirliyinin məlumatında deyilir ki, iyulun 13-də Zəngilan-Füzuli və Füzuli-Bakı marşrutları üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus Gulfstream G280 sərnişin təyyarəsinə qarşı radiomaneələrin tətbiqi nəticəsində onun GPS peyk naviqasiya sistemində fasilə yaranıb.
“Bildiririk ki, qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı əvvəllər də radiomaneələrin tətbiq edilməsi faktı qeydə alınmışdır. Bu kimi halların hava uçuşlarının təhlükəsizliyinə ciddi təhdid təşkil etdiyi barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına tərəfimizdən dəfələrlə edilən müraciətlərə baxmayaraq heç bir tədbir görülməmişdir”, Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Rusiya sülməramlı kontingentinin son 3 gündə yaydığı gündəlik xəbər bülletenində bununla bağlı hər hansı məlumat yayılmayıb.
Özünü Qarabağda Artsaxın Müdafiə Nazirliyi kimi təqdim edən qurum Azərbaycan Müdafiə Nazirliyinin məlumatını təkzib edib və “tamamilə yalan” olduğunu bildirib.