Accessibility links

Bakıda NATO-nun ekspert heyəti ilə görüş keçirilib


İyulun 6-da Bakıda Azərbaycan və NATO arasında 2023-cü il üçün fərdi tərəfdaşlıq üzrə əməkdaşlıq planına uyğun olaraq NATO ekspert qrupu ilə görüş keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, NATO-nun Brunsum Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini Stefan Fiksin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində olub.

NATO nümayəndələrinə Azərbaycan ordusundakı islahatlar, Azərbaycan ordusunun alyansın sülhməramlı əməliyyatlarında iştirakı barədə məlumat verilib.

Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu qeyd edən Fiks NATO proqramlarında Azəbaycan hərbi qulluqçularının fəal iştirakını yüksək qiymətləndirib.

Ekspert qrupunun işçi görüşündə növbəti ilin fəaliyyət planı barədə ilkin razılıq əldə olunub.

Azərbaycan-NATO əlaqələri

Azərbaycanın NATO ilə əlaqələri 1992-ci ildən başlayıb. Azərbaycan 1992-ci ilin martında əməkdaşlıq və məsləhətləşmələr üçün forum rolunu oynayan Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulub.

1994-cü il 3-4 mayda Azərbaycanın mərhum prezidenti Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil qərargahında NATO Sülh naminə tərəfdaşlıq proqramının Çərçivə sənədini imzalayıb.

1997-ci ilin noyabr ayının 14-də prezident Heydər Əliyev Azərbaycanın NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında sərəncam imzalayıb.

Azərbaycanın 2004-cü ildə NATO-nun Fərdi Tərəfdaşlıq Əməliyyat Planına (FTƏP) qoşulub.

Azərbaycan Respublikası və Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) arasında hərbi əməkdaşlıq da davam etdirilir.

Azərbaycan Müdafiə Nazirliyi NATO ilə əməkdaşlıq çərçivəsində Sülh Naminə Tərəfdaşlıq Proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi, Əməliyyat İmkanları Konsepsiyası, Tərəfdaşlığın Qərargah Vəzifələri, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı, Sülh Naminə Elm Proqramı və NATO-nun digər əhəmiyyətli tərəfdaşlıq mexanizmlərindən istifadə edir.

XS
SM
MD
LG