Tehran vilayətinin Apellyasiya Məhkəməsi güneyli fəal Ramin Əliniyanın 6 il həbs cəzasını qüvvədə saxlayıb.
Ramin Əliniya öz İnstagram səhifəsində Tehran vilayətinin Apellyasiya Məhkəməsinin hökmünün vərəqəsinin surətini paylaşıb.
O, bundan əvvəl Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən "İslam Respublikası sisteminə qarşı təbliğat fəaliyyəti aparmaq" və "ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq" ittihamları əsasında müvafiq olaraq, 1 il və 5 il həbs cəzasına məhkum edilmişdi. Məhkəmə həmçinin onnu 2 il siyasi partiya və təşkilatlara üzv olmaqdan və sosial mediada və habelə hər hansı bir kütləvi informasiya vasitələrində fəaliyyət göstərməsinə qadağa qoyub. Məhkəmənin qərarı əsasında eləcə də Əliniyanın 2 il müddətinə ölkədən çıxışına qadağa qoyulub.
Tehran vilayətinin Apellyasiya Məhkəməsinin hökmünə əsasən, milli fəala qarşı verilən bütün cəzalar qüvvədə saxlanılıb.
"İslam Respublikası hər şeyə qadirdir, belə ki, məsələn heç bir etiraz aksiyasında iştirak etmədiyim halda, Tehranın İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat qurumu ilə Ərdəbil kəşfiyyat idarəsinin əməkdaşlığı ilə məni kənddəki atamın evində saxlayıb, toplanmaq və əlbir olmaq ittihamından mənə hökmü çıxarsınlar", Ramin Əliniya İnstagram səhifəsində yazıb.
Əliniya daha əvvəl İnstagram səhifəsində yeganə fəaliyyətinin Gündəm adlı İnstagram səhifəsini idarə etmək olduğunu və yalnız bu səhifədə məzmun dərc etdiyinə görə həbs olunduğunu yazmışdı.
O, ötən il noyabrın 8-də İrandakı kütləvi etirazlar zamanı Ərdəbilin Təzəkənd kəndində atasının evində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və Tehranın Evin həbsxanasına köçürülmüşdü.