Bu yaxınlarda İran Azərbaycanı və Qaşqay elindən olan çox sayda türk fəal birgə müraciət yayımlayaraq İran prezidenti İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Ələmülhudanın "türklərə qarşı irqçi və nifrət dolu ifadələrini" qınadıqlarını açıqlayıblar.
Müxtəlif qurumlara ünvalanan müraciət mətnini hazırlayanlardan siyasi fəal və Ankara Universitetinin müəllimi Məhəmməd Rza Heyət Amerikanın Səsinə müsahibə verib. Heyət Ələmülhudanın sözlərini sadəcə İran daxilindəki türklər və ərəblərə deyil, eyni zamanda bölgə ölkələrində yaşayan türklər və ərəblərə qarşı da nifrət ifadəsi olaraq dəyərləndirib.
Tehranda fəaliyyət göstərən Fararu internet portalının dərc etdiyi videogörüntü və məlumata əsasən, prezident İbrahim Rəisinin Latin Amerikaya rəsmi səfəri zamanı xanımı Cəmilə Ələmülhuda Venesuela telekanalına müsahibədə deyib ki, "İranın tarixdə moğollar, ərəblər və türklər kimi çox düşməni olub, ancaq onlar, İranın mədəniyyəti, dili və adət-ənənələrini dəyişdirə bilməyiblər."
Rza Heyətin sözlərinə görə, "birgə məktub Ələmülhudanın o sözləri ilə bağlı yazıldı, amma bunun bir keçmişi var. Bu sözlər yeni deyil. Biz illərdir dərs kitablarında, radio-televiziyada, qəzetlərdə, hər yerdə buna bənzər sözləri eşidib və oxumuşuq. Ancaq, bu dəfə İran icra hakimiyyətinin başındakı şəxsin xanımının dilindən və bir xarici televiziya kanalından bu sözlərin yayılması ciddi bir cavab ehtiyacı yaratdı."
Heyət məktubun bir hədəfinin də təhqirlərə alışmağın önünə keçmək olduğunu vurğulayıb:
"Bu məktubun nəticəsi nə olar, o, başqa məsələdir. Amma, biz təhqirlərə, aşağılanmalara və bizə qarşı olan mənfi söyləmlərə alışmamalayıq. Keçən yüzildə çalışıblar ki, bizi buna alışdırsınlar və bəlli bir dərəcədə də uğurlu olublar. Yəni, biz artıq əleyhimizə olan bir çox lətifələrə və sözlərə alışmışıq və gərəkən təpkini göstərmirik."
Siyasi fəalın fikrincə, İranın birinci xanımının sözləri həm ölkə daxilindəki türk və ərəb icmaları həm də bəzi qonşu ölkələrə nifrət mahiyyəti daşıyır.
"Cəmilə Ələmülhuda deyir ki, ərəblər və türklər İranı işğal etdilər amma İranlılıq aradan getmədi. İran mədəniyyəti o qədər güclü idi ki, onlara məğlub olmadı. Birincisi, o, burada, İranı tamamilə farslıqla bərabər görür. Dolayısı ilə, bunun daxili nəticələrinə baxdığımızda, İranı bir Aryanizm və Aryançılıq düşüncəsi əsasında tərifləyir və bunun xaricində olanları, başda da türkləri, ərəbləri və tarixdə moğolları, hamısını özünə düşmən və eyni zamanda işğalçı olaraq dəyərləndirir. Bu anlayışla, İranda fars və ya sözdə Aryan irqindən olmayanlar yabançıdır," Heyət söyləyib.
Ankara Universitetinin müəllimi əlavə edib ki, "ancaq, bu sadəcə İranla məhdudlaşmır. Bu sözlərdə qonşu ölkələrə, Türkiyə olsun, Azərbaycan olsun və ya Orta Asiyadakı türklər olsun və ya ərəb ölkələri olsun, hamısına qarşı bir nifrət və eyni zamanda da irqçilik var. Dolayısı ilə, bu anlayış, həm İranın içində, həm də İranın xaricindəki bütün qeyri-fars və sözdə qeyri-Aryan xalqlara bir təhdid mesajı idi."
Məhəmməd Rza Heyət türklər və ərəblərə qarşı hissiyatın İranda bütün siyasi kəsimlərin arasında mövcud olduğunu önə çəkib:
"Bu ifadələrə istər dövlətin içindən, istərsə İranın daxilində və ya xaricdəki müxalifətdən hər hansı bir təpki gəlmədi. Bu göstərir ki, İrandakı irqçilik artıq bir kültür halına gəlmişdir. Bu, insanlar arasında çox normal qarşılanır. Türklər və ərəblərə qarşı sölyəmləri də hərkəs bir şəkildə qəbullanmış durumda. Buna biz bir də islami anlayışı əlavə etdiyimiz zaman, daha faciəli durum halına gəlir. Yəni, bu şəxsin aşırı milliyyətçi duyğuları onun dini inancına belə üstün gəlir."