KİM.TV YouTube kanalının aparıcısı Abid Qafarov iyunun 1-də azadlığa buraxılıb.
Bu barədə Qafarovun vəkili Aqil Layıc Amerikanın Səsinə bildirib.
Vəkilin sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Abid Qafarova qarşı ittihamların birinə xitam verilib.
"Böhtan maddəsinə məhkəmə tərəfindən xitam verildi. Digər maddə - təhqirə görə isə həbs müddəti bitdi deyə Abid Qafarov azadlığa buraxıldı", o bildirib.
Vəkil hesab edir ki, təhqir maddəsi ilə də Qafarova bəraət verilməlidir.
"O, günahsızdır və biz ədaləti bərpa etmək üçün bütün hüquqi vasitələrdən istifadə edəcəyik".
"Bakı Birlik" ictimai təşkilatının rəhbəri və "KİM.TV" YouTube kanalının aparıcısı Abid Qafarov 2022-ci il iyulun 13-də bir qrup Qarabağ müharibəsi veteranının şikayəti ilə bir il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Məhkəmə onu Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilib.
İddiaçılar - müharibə veteranları Qafarovun "itaətkar" olmamaq və özbaşınalığa müqavimət göstərmək çağırışını təhqir hesab ediblər.
Hüquq müdafiəçiləri hesab edirlər ki, Qafarovun həbsi "Tərtər İşi"ni, xüsusən təqsirsiz hərbi qulluqçuların həbsini və onlara işgəncə verilməsini tənqid edənlərin təqibi kampaniyasının davamıdır.
Hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə bildirib ki, Abid Qafarovun azadlıq hüququnun bərpa edilməsi təqdirəlayiq haldır.
"Abid Qafarovun azadlığa buraxılması ona görə sevindiricidir ki, o həbsdə ola-ola növbəti dəfə qurama ittihamlarla şərlənə bilərdi. Açığı bundan çox narahat idik. Təcrübədə belə hallar çox olub. Onun siyasi məhbus olması yerli və beynəlxalq hüquq ictimaiyyətinə aydın idi. O, vicdan məhbusu kimi qəbul edilirdi", Səfərov deyib.
O qeyd edir ki, Azərbaycanda hələ də həbsxanada siyasi əqidəsinə, peşə fəaliyyətinə, məsləkinə görə onlarla siyasi məhbus qalmaqdadır.
"Mən deyərdim ki, hər keçən gün siyasi məhbusların sayı daha da artır. Rəsmi Bakı Konstitusiya və konvensiya ilə təminat altına alınan əsas hüquq və azadlıqları faktiki olaraq tanımadığına görə vicdan məhbusları mövcuddur. Qeyd edirəm ki, bu kimi hüquqi problemlərin həlli üçün ali siyasi iradə mühüm şərtdir", hüquq müdafiəçisi qeyd edib.
Öz növbəsində Azərbaycan hakimiyyəti ölkədə heç kimin fikirlərinə görə həbs edilmədiyini və təzyiqə məruz qalmadığını deyir.