Accessibility links

Təbrizdə iki güneyli fəalın məhkəmə iclası keçirilib


Güneyli fəallar Sima Əlipur və Davud Şiri
Güneyli fəallar Sima Əlipur və Davud Şiri

Təbriz İnqilab Məhkəməsində azərbaycanlı milli fəallar Sima Əlipur və Davud Şirinin məhkəmə iclası keçirilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin və bölgədəki insan haqları fəallarının yaydığı məlumata görə, aprelin 18-də iki güneyli milli fəal Sima Əlipur və Davud Şiri Təbriz İnqilab Məhkəməsində onlara qarşı irəli sürülən ittihamlara qarşı müdafiələrini təqdim ediblər.

Sima Əlipur keçən il mayın 28-də həyat yoldaşı Əli Dirəxşan ilə birlikdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. Cütlük bir həftədən artıq kəşfiyyat qüvvələrinin təcridxanasında dindirildikdən sonra hər biri 100 milyon tümənlik girov müqabilində iyunun 6-da Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Sima Əlipura qarşı "sistemə qarşı təbliğat fəaliyyəti göstərmək" və "sistemə qarşı qruplaşmalara üzv olmaq" ittihamları irəli sürülüb.

Digər milli fəal Davud Şiri isə "sistemə qarşı təbliğat fəaliyyəti göstərmək"də ittiham edildiyi bildirilir. Davud və Əyyub Şiri qardaşları 2022-ci ilin may ayında nəzarət altına alınıb və təqribən 2 həftə sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

Həmin milli fəalların İranda yaşayan azərbaycanlıların ana dildə təhsil almaq haqqını müdafiə etdikləri üçün bu ittihamlarla üzləşdiyi deyilir.

XS
SM
MD
LG