Accessibility links

Avropa Ağır Atletika Federasiyası Azərbaycan bayrağının yandırılmasını pisləyən bəyanat yayıb


Avropa Ağır Atletika Federasiyası (Rəsmi loqo)
Avropa Ağır Atletika Federasiyası (Rəsmi loqo)

Avropa Ağır Atletika Federasiyası aprelin 14-də Ermənistanın paytaxtı Yerevanda Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılmasını pisləyən bəyanatla çıxış edib.

Qurumun bəyanatında deyilir ki, Avropa Ağır Atletika Federasiyası Yerevanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimi zamanı bir nəfərin Azərbaycan bayrağını yandırması ilə nəticələnən hadisəni kəskin şəkildə pisləyir.

“Avropa Ağır Atletika Federasiyası (EWF) bu son dərəcə ciddi və təəssüf doğuran jesti idman dəyərlərinin bütövlüyünə və Fair Play-in universal prinsiplərinə hücum hesab edir”, sənəddə qeyd edilir.

Bəyanatda bildirilir ki, EWF hadisəyə dərhal reaksiya verib, Təşkilat Komitəsinə öz qəti mövqeyini bildirib və bu yarışın bütün iştirakçılarının təhlükəsizliyinə əlavə təminat verilməsini istəyib.

“EWF daimi olaraq Azərbaycan Respublikasından olan nümayəndə heyəti ilə birlikdə olub, idmançılar, məşqçilər və rəsmi şəxslərlə tam həmrəyliyini və dəstəyini ifadə edib”, sənəddə bildirilir.

EWF hesab edir ki, bu hadisə təcrid olunmuş hadisədir və Təşkilat Komitəsindən təcili olaraq tələb olunan əlavə tədbirlərin həyata keçirilməsinə nəzarət edəcək.

“Biz Azərbaycan Respublikasının nümayəndə heyətinin çempionatı tərk etməli olmasına təəssüflənirik, eyni zamanda buna hörmətlə yanaşırıq. Nümayəndə heyəti Ermənistanı tərk edənə qədər onun bütün təhlükəsizlik şəraitinin təmin edilməsində birbaşa iştirak etmişik” Avropa Ağır Atletika Federasiyası qeyd edir.

EWF baş verənlər kontekstində əlavə tədbirlərin görülməsini nəzərdən keçirəcəyini bildirir.

“EWF rəhbərliyi komandalar üçün bütün təhlükəsizlik şərtlərinin yerinə yetirilməsini təmin etmək üçün nümayəndə heyətləri yola düşənə qədər çempionat çərçivəsində həyata keçirilən bütün tədbirlərdə iştirak edəcək. EWF Azərbaycan Komandası və federasiyası ilə həmrəy olaraq qalır, idman və Fair Play ruhunda tələb olunan istənilən formada dəstək verəcək”, bəyanatda qeyd edilir.

Aprelin 14-də Azərbaycan bayrağı Ermənistanın paytaxtı Yerevanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində yandırıldıqdan sonra bu ölkənin idmançıları çempionatda iştirak etməkdən imtina edib.

Azərbaycanın Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə bəyanatında deyilir ki, idmanın siyasiləşdirilməsi yolverilməzdir. İnsidentlə əlaqədar Azərbaycanın Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi əməlin beynəlxalq miqyasda pislənilməsinə və Avropa Ağır Atletika Federasiyasından Ermənistana qarşı sanksiya tətbiq olunmasına çağırıb.

Ermənistanda Azərbaycanın Dövlət bayrağının yandırılması faktı ilə bağlı Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin zor tətbiq edilməklə milli nifrət və düşmənçiliyin salınması, qulluq mövqeyindən istifadə etməklə milli nifrət və düşmənçiliyin salınması və Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər maddələri ilə cinayət işi başlanıb.

Ermənistan mediası bildirir ki, Baş nazir Nikol Paşinyanın ofisi Azərbaycan bayrağını yandırdığına görə Ermənistan İctimai Televiziyanın dizayneri, stilistika studiyasının rəhbəri Aram Nikolyanın işdən azad edilməsini tələb edib.

Dizayner Aram Nikolyan öz Facebook səhifəsində videomüraciətində deyib ki, onun hərəkəti heç vaxt heç bir siyasi qüvvənin üzvü olmayan erməninin hərəkətidir.

“Mənim arzum odur ki, Ermənistanın paytaxtı Yerevanda Azərbaycan bayrağı dalğalanmasın. Əgər belə hesab edənlər varsa, mən bunu etməməliydim, o zaman evlərində Azərbaycan bayrağını assınlar", o deyib.

Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasından olan deputatı Ovik Ağazaryan öz Facebook səhifəsində Yerevanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı baş vermiş insidentə görə üzr istəyib.

XS
SM
MD
LG