Accessibility links

Yerevanda beynəlxalq yarışın açılışında Azərbaycan bayrağının yandırılması reaksiyalarla müşayiət olunur


Aprelin 14-də Azərbaycan bayrağı Ermənistanın paytaxtı Yerevanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində yandırıldıqdan sonra bu ölkənin idmançıları çempionatda iştirak etməkdən imtina edib.

Azərbaycanın Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə bəyanatında deyilir ki, buna səbəb Ermənistanın təhlükəsizliyi təmin etməməsidir.

“Ermənistanda belə bir nifrət mühitinin hökm sürdüyü, təhlükəsizliyin təmin edilmədiyi bir şəraitdə psixoloji təzyiqlərə görə Azərbaycan idmançılarının yarışlarda normal şəkildə iştirakı mümkünsüzdür. Bütün bunlar nəzərə alınaraq, Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib. Ermənistan onların təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir,” sənəddə qeyd edilir.

Bəyanatda bildirilir ki, idmanın siyasiləşdirilməsi yolverilməzdir. İnsidentlə əlaqədar Azərbaycanın Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi əməlin beynəlxalq miqyasda pislənilməsinə və Avropa Ağır Atletika Federasiyasından Ermənistana qarşı sanksiya tətbiq olunmasına çağırıb.

Ermənistanda Azərbaycanın Dövlət bayrağının yandırılması faktı ilə bağlı Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin zor tətbiq edilməklə milli nifrət və düşmənçiliyin salınması, qulluq mövqeyindən istifadə etməklə milli nifrət və düşmənçiliyin salınması və Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər maddələri ilə cinayət işi başlanıb.

Ermənistan mediası bildirir ki, Azərbaycan bayrağını yandırdığına görə Baş nazir Nikol Paşinyanın ofisi İctimai Televiziyanın dizayneri, stilistika studiyasının rəhbəri Aram Nikolyanın işdən azad edilməsini tələb edib.

Dizayner Aram Nikolyan öz Facebook səhifəsində videomüraciətində deyib ki, onun hərəkəti heç vaxt heç bir siyasi qüvvənin üzvü olmayan erməninin hərəkətidir.

“Mənim arzum odur ki, Ermənistanın paytaxtı Yerevanda Azərbaycan bayrağı dalğalanmasın. Əgər belə hesab edənlər varsa, mən bunu etməməliydim, o zaman evlərində Azərbaycan bayrağını assınlar, o deyib.

Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasından olan deputatı Ovik Ağazaryan öz Facebook səhifəsində İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı baş vermiş insidentə görə üzr istəyib.

“Beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm ki, bir vətəndaş və deputat kimi xalqımda vəhşi tayfalara və adamyeyən tayfalara xas olan spesifik təzahürləri tamamilə aradan qaldırmaq üçün əlimdən gələni etməmişəm. Ayıb olsun” deyə yazıb.

Bu zaman deputat kəskin tənqidlərə məruz qalıb.

Azərbaycan bayrağını yandıran Aram Nikolyanın vəkili Aleksandr Koçubayev Ermənistan hüquq mühafizə orqanlarında ona qarşı hər hansı ittihamın olmadığını bildirib.

“Dünən Yerevanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran dizayner Aram Nikolyanın işdən çıxarılmasının planlaşdırıldığı barədə məlumat aldıq. Nikolyan İctimai Televiziyada dizayn studiyasının rəhbəridir. Məlumatlar mediadan da əldə edilir. Rəsmi səviyyədə heç nə deyilməsə də, Nikolyan istefa ərizəsi təqdim etməyib, əgər bu baş verərsə, qanunsuz olacaq, məhkəmə prosesləri davam edəcək,” vəkil bildirib.

XS
SM
MD
LG