Azərbaycanın Naxçıvan Muxtar Respublikasının (MR) Şahbuz rayonunda bu ölkənin iki hərbi qulluqçusunun itkin düşdüyü deyilir.
Bu barədə mayın 10-da Azərbaycan Müdafiə Nazirliyi yerli mediaya açıqlama verib.
Məlumata görə, hərbi qulluqçular əlverişsiz hava şəraitində yolu itiriblər. İtkin düşən şəxslərin axtarışı üzrə zəruri tədbirlərin görüldüyü vurğulanır.
Naxçıvan MR-nin Azərbaycanın digər əraziləri ilə quru sərhədi yoxdur. Muxtar respublika şimalda və şərqdə Ermənistanla, qərbdə Türkiyə, cənubda isə İranla həmsərhəddir.
Öz növbəsində Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan hərbçisinin aprelin 10-da gecə Ermənistan ərazisində aşkarlanaraq saxlandığını bildirir.
"Onun sözlərinə görə, onunla daha bir hərbçi olub, onun axtarışı davam edir", məlumatda deyilir.
Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu, 30 illik münaqişənin davamı olub.
Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.
Razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.
Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.
Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.
Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.