Accessibility links

Azərbaycanda qaçaqmalçılıq yolu ilə gətirilmiş malların ölkəyə keçirilməsinə şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır


elektron məhkəmə
elektron məhkəmə

Qaçaqmalçılıq yolu ilə gətirilmiş malların ölkəyə keçirilməsinə şərait yaradan vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Azərbaycan Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaqla Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin baş inspektoru Cəmil İsmayılovun 2022-ci ilin avqust-oktyabr aylarında hava limanı ilə ölkəyə gətirilən qızıl-zinət əşyalarının gömrük ödənişlərinə cəlb olunmadan qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün rüşvət müqabilində bir qrup şəxsə köməklik göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Cəmil İsmayılova Cinayət Məcəlləsinin 32.5, 206.3.1, 32.5, 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar qaçaqmalçılığa köməklik), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Ötən ilin iyulun 15-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Dövlət Gömrük Komitəsindəki son həbslərlə bağlı rəsmi məlumat yayıb. Həbs edilənlər arasınada gömrük generalların da olub.

Rəsmi məlumata görə, həbs edilən vəzifəli şəxslərin bəziləri hətta hərbi qulluqçulara paylanılması nəzərdə tutulan siqaret məhsullarını Müdafiə Nazirliyinin aidiyyəti struktur bölmələrinə deyil, qanunla müəyyən edilmiş prosedur qaydalarını pozmaqla şəxsi münasibətdə olduğu şəxslərə verərək külli miqdar dəyərində siqaret məhsullarının təyinatı üzrə çatdırılmaması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Gömrük Komitəsinin həbs edilən yüksək vəzifəli şəxslərinə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət işi qaldırılıb və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Dövlət Gömrük Komitəsinin fəaliyyəti son illərdə ictimaiyyət tərəfindən kəskin tənqidlərlə qarşılanıb. Bu komitənin son zamanlar çoxsaylı əməkdaşları rüşvət və vəzifə mövqeyindən sui istifadə ittihamları ilə həbs edilib.

XS
SM
MD
LG