Kürün səviyyəsi günü-gündən aşağı düşür. Çayın Neftçalanın Bankə qəsəbəsindən keçən hissəsində vəziyyət daha ağırdır. Çayda demək olar ki, hər gün azalma müşahidə olunur. Vaxtikən çay keçən ərazidə irili-xırdalı adalar yaranıb. Bu isə Kürdə quraşdırılmış su nasoslarına ciddi təsir edib. Çayda su az olduğundan su nasosları tam gücü ilə işləyə bilmir. Pambıq və digər əkin sahələrinin suvarılmasında çətinliklər yaranıb. Əhali şəxsi təsarrüfatını vaxtında suvara bilmədiyindən meyvə ağaclarının quruması baş verir. Ailələr özəl istifadə üçün suyu isə kəndlərə gətirilən maşınlardan alırlar. 1 ton su üçün 45 manat ödəyirlər. Kənd sakinləri deyir ki, əvvəllər Kür çayından balıqlar tutub həm satırdılar, həm də gündəlik ərzaq təlabatlarını ödəyirdilər. İndiki durumda saatlarla tor atılsa da balıq olmadığını deyirlər. Hazırda Kür çayının Xəzər dənizə tökülməsinin qarşısı müvəqqəti bağlanıb və beton bəndlər quraşdırılıb.