Accessibility links

ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz Danışıqları üzrə yeni baş məsləhətçisi regiona səfər edəcək


Lois L. Bono
Lois L. Bono

ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz Danışıqları üzrə yeni baş məsləhətçisi Luis Bono gələn həftə Bakıya səfər edəcək.

Bu barədə martın 2-də ənənəvi brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays Turan İnformasiya Agentliyinin sualına cavabında bildirib.

O, bildirib ki, bu, Luis Bononun Cənubi Qafqazın hər üç ölkəsinə ilk səfəri olacaq.

“Cənab Bono Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etmək və bizim Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə davam edən sadiqliyimizi dəstəkləmək məqsədilə liderlərlə görüşməyi planlaşdırır. Qeyd etdiyim kimi o, səfər çərçivəsində Cənubi Qafqazın üç ölkəsinə gedəcək. O, ardıcıl olaraq Bakıya, Yerevana və Tbilisiyə səfər edəcək”, Ned Prays bildirib.

Ned Prays bildirib ki, səfər dövlət katibi Blinkenin Ermənistanın baş naziri və Azərbaycan prezidenti ilə bu yaxınlarda Münhen Təhlükəsizlik Konfransın çərçivəsində baş tutan görüşlərini davam etdirmək üçün fürsət olacaq.

"Münhendə keçirilən üçtərəfli görüşün yekununda qeyd etdiyimiz kimi, Ermənistan və Azərbaycanın sülh prosesində səmərəli iştirak etmək üçün son səyləri bizi ruhlandırır. Cənab Bono bu səylərə əsaslanaraq irəliləyişin davam etdiyini görəcəyinə ümid edir. Bütün bu üç şəhərdə (Bakı, Yerəvan, Tbilisi) cənab Bono ABŞ-ın Cənubi Qafqazın dinc, demokartik və firavan gələcəyinə sadiqliyini vurğulayacaq”, - deyə Ned Prays qeyd edib.

Xatırlatma

Fevralın 18-də Münhendə Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyanın birgə görüşü keçirilib.

“Biz inanırıq ki, Ermənistan və Azərbaycanın 30 ildən artıq davam edən münaqişədən sonra davamlı sülhü təmin etmək üçün həqiqətən tarixi imkanları var. Tərəflər özləri birbaşa danışıqlar yolu ilə, eləcə də Avropa İttifaqı və bizimlə birgə diqqətlərini sülh prosesinə yönəldiblər. Birləşmiş Ştatlar istər dostlarımızla, istər bu kimi üçtərəfli formatda, istərsə də digər beynəlxalq tərəfdaşlarla bu səyləri dəstəkləmək üçün əlindən gələni etməyə hazırdır”, Dövlət katibi görüşdən sonra Twitter hesabında qeyd edib.

XS
SM
MD
LG