İlahiyyə Mahmudova Sabunçu ərazisində bir vaxtlar yəhudilərin yaşadğı məhəllədə yaşayır. Yüz ildən artıq yaşı olan evindən hər gün bir parça daş, bir parça suvaq töküldüyündən danışır. Evinin otaqları qəzalı vəziyətdə olduğundan dörd nəfərlik ailəsi bir otağa sığınıb.
“Gəlib baxıblar. Dedilər ki, büdcə olanda sizin evinizi təmir etdirəcəyik. Amma vaxt demədilər. Həmin söhbətin üstündən isə iki il keçir” – deyə İlahiyyə Mahmudova deyir.
Amma burada tək qəzalı ev onun evi deyil. İlahiyyənin alt qonşusu Zəngilandan köçkün düşən Aybəniz Mazanova da evinin qəzalı vəziyyətdə olduğunu söyləyir. Elə ki yağış yağdı evinə su dolduğunu və yaşamağın qeyri-mümkün olduğundan gileylənir. Səslərinin isə müvafiq qurumlara çatmadığını bildirir:
“Mən su içində yaşayıram. Hər yerə şikayət etmişəm baxan yoxdu. Mənim üst qonşumun evi uçur. Bir balaca tıqqıltı olan kimi uşaqlar qışqırır ki, nənə evimiz uçdu”.
Bəhruz Kəngərli küçəsi adlanan Sabunçunun bu hissəsində vaxtilə yəhudilərin yaşadığı məlumdur. Ötən əsrin sonlarında “yəhudi köçünə” Bakıdakı yəhudilərin də qoşulması nəticəsində məhəllədə etnik müxtəliflik dəyişib. İndi burada bir neçə yaşlı yəhudinin yaşadığı söylənilir. Məhəllədə evlərin yaşı yüz ildən çoxdur. Bəziləri tərk edilmiş, bəziləri qəzalı vəziyyətdədir. İçərişəhəri xatırladan dar küçələr və keçidlər ötən əsrin ab-havasını ötürür.
Sakinlər uçub-tökülən tarixi binalara dövlət qayğısı göstərilməsini tələb edirlər. Məhəllə sakini Fəxrəddin Almərdanov söyləyir ki, binaların yanından ötmək belə təhlükəlidir: “Körpələrimiz keçir burdan. Görürsüz, binalar uçur. Şəxsən mən bunun yanından keçəndə qorxuram”.
Fövqəladə Hallar Nazirliyindən Amerikanın Səsinə bildirilir ki, istismarda olan binalara yerli hakimiyyət orqanları və balanssaxalayıcı qurumlar baxır.
Tarixi məhəllənin aqibətinin necə olacağı barədə Sabunçu Rayon İcra Hakimiyyətinə sorğu göndərsək də, suallarımız cavabsız qaldı.
İlahiyyə xanımın evini təmir etməyə maddi vəziyyəti imkan vermir. O günə qədər isə evinin uçmuş hissəsinin qapısını bağlayıb salamat hissəsində səksəkədə yaşayacağını söyləyir.