Güneyli fəal Əbülfəzl Paşazadə Sərəskənd (Həştrud) İnqilab Məhkəməsində 91 sutka həbs cəzasına məhkum edilib.
Bölgədəki hüquq müdafiəçilərinin bildirdiyinə görə, Həştrud şəhərindən olan Əbülfəzl Paşazadə "rejimə qarşı təbliğat fəaliyyəti aparmaq" ittihamına görə 91 sutka həbs cəzasına məhkum edilib.
Hakim Hüseyn Əziminin sədrliyi ilə Həştrud şəhərinin İnqilab Məhkəməsi Azərbaycan Milli Hərəkatının bu fəalını rejim əleyhinə təbliğatda ittiham edərək, şəxsi sosial media səhifəsində yazılar dərc etdiyinə görə 91 sutka həbs cəzasına məhkum edib.
Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Paşazadə ötən il noyabrın 9-da prokurorluğa çağırılıb və özünü müdafiə hüququ və vəkilə çatımı olmayan şəraitdə bir sənəd imzalamağa məcbur edilib. Məhkəmə sənədləri imzalandıqdan sonra azərbaycanlı milli fəal bu şəhərin həbsxanasına köçürülüb və daha sonra müvəqqəti olaraq məhkəmə prosesinin bitməsinə qədər zaminə buraxılıb.
İnqilab Məhkəməsinin milli fəala qarşı çıxardığı hökm vərəqəsində “təqsirləndirilən şəxsin açıq-aşkar etirafı” əsasında hökm çıxarılıb ki, bunun da təqsirləndirilən şəxsin daha öncə prokurorluqda oxumasına icazə verilməyən sənədlə əlaqədar olduğu ehtimal edilir.
Hüquq müdafiəçiləri deyirlər ki, İranda məhkəmələr müstəqil deyil və siyasi və ictimai fəallara verilən hökmlər təhlükəsizlik qurumları tərəfindən məhkəmə hakimlərinə diktə edilir.
Həmçinin İran İslam Respublikası sosial şəbəkələrə ciddi nəzarət tətbiq edir, ölkədə bir sıra vətəndaşlar, siyasi və ictimai fəallar sırf tənqidi yazılar dərc etdiklərinə görə həbs edilərək, onlara qarşı məhkəmə işi qaldırılır.