Accessibility links

Jurnalist Aydın Canıyev həbs edilib


Aydın Canıyev
Aydın Canıyev

Yanvarın 26-da Bakının Yasamal rayon Məhkəməsi hakim Murad Məmmədovun sədrliyi ilə jurnalist Aydın Canıyevi 1 ay müddətinə inzibati həbsə məhkum edib.

Bu barədə Aydın Canıyevin Facebook səhifəsində məlumat yayılıb.

O, Facebook statuslarına görə "Haqqın.az" saytının rəhbəri Eynulla Fətullayev tərəfindən Baş Prokurorluğa verilən iddia ərizəsi əsasında həbs edildiyini bildirib.

"Bir aydan sonra hər şeyi hər kəsə aydınlatmaq ümidi ilə…", Canıyevin Facebook səhifəsində onun adından qeyd edilib.

Elektron məhkəmə portalında yayılan məlumata görə, məhkəmə Aydın Canıyevi İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 maddəsi (Informasiyadan istifadə edilməsi, onun yayılmasi və mühafizəsi qaydalari əleyhinə olan inzibati xətalar) ilə təqsirli bilərək barəsində inzibati tənbeh tətbiq edib.

Eynulla Fətullayev Amerikanın Səsinə Baş Prokurorluğa müraciət etdiyini təsdiq edib.

"Aydın Canıyev bir neçə aydır ki, Facebook səhifəsində mənim ünvanıma söyüşlər yazır. Bu səbəbdən baş prokurora zəruri tədbirlər görülməsi xahişi ilə müraciət etdim", o qeyd edib.

Aydın Canıyev əvvəllər "Azadlıq" qəzetinin müxbiri olub.

O, bundan öncə 2011-ci il noyabrın 21-də din xadimləri ilə bağlı "Xural" qəzetində çap edlən tənqidi məqaləsinə görə 3 il müddətinə həbs edilib. 2012-ci ilin dekabrında prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

XS
SM
MD
LG