Accessibility links

“Qadın üçün təhsil azadlıqdır”


“Qadın üçün təhsil azadlıqdır”
please wait

No media source currently available

0:00 0:02:59 0:00

Azərbaycan uşaqların məktəbə cəlb olunması göstəricisinə görə dünyada aparıcı yerlərdən birini tutur. Amma buna baxmayaraq, regionlarda müşahidə edilən uşaq evliliyi halları, yoxsulluq və konservativ dəyərlər bəzən qızların məktəbi erkən yaşlarında tərk etməsi ilə nəticələnir.

7 yaşlı Rəvanə atasının ailəsində məktəbə gedən yeganə qız uşağıdır. Onun anası Nəzrin vaxtilə təhsil ala bilməyib. Yeniyetmə yaşında ailə quran Nəzrin, qızını dünyaya gətirəndən sonra həyat yoldaşından dəstək görməyib. Qızının eyni taleyi yaşamaması üçün o, fəhlə kimi işləməyə başlayıb: “Parniklərdə qızımla fəhlə işləyirdim. Hətta belimə bağlayırdım onu, elə işləyirdim. Səhər saat 6-da bir uşağı şirin yuxusundan oyadıb, işə aparmaq qədər valideyn üçün ağır bir şey yoxdur.”

Ekspertlər və gender fəalları ölkə ərazisi üzrə bənzər hekayələrin çox oluğunu deyir.

“Azərbaycanda qızların təhsilinə və qadınların təhsilinə ən çox mane olan amillərdən gender əsaslı ayrı-seçkilik və gender stereotipləridir,” gender məsələləri üzrə ekspert Şəhla İsmayıl bildirir.

20 ildən artıqdır ki, gender problemləri ilə bağlı çalışan Şəhla İsmayıl bu diskriminasiyanın əsas nümunələrindən birinin erkən nikahlar olduğunu deyir: “Bu gün Azərbaycanda uşaq evliliyi fenomeni mövcuddur ki, çox geniş yayılıb. Bəzi bölgələrdə daha geniş yayılıb və bilavasitə təhsilə təsir edən amillərdən biridir. Bu fenomenin mövcudluğu qadının sonrakı həyatına çox ciddi mənfi təsiri mövcuddur.”

“Hər hansı bir qızın erkən nikaha məruz qalması birbaşa zorakılıq və cinayət deməkdir və bundan onun ətrafındakı hər kəs məsuldur əslində,” o qeyd edir.

Fatma Qurbanova bir neçə ildir ki, regiondakı qızların təhsilinə yardım edən layihələr icra edir. O deyir ki, bu məsələyə dövlət daha çox diqqət ayırmalıdır: “Dövlət tərəfindən atılmalı olan ilk addım o olmalıdır ki, regionlarda, kəndlərdə səlahiyyətli şəxslər belə hallarla qarşılaşanda bunun bir cinayət olduğunu başa düşsünlər və lazımi yerlərə bu məlumatları ötürsünlər.”

Könüllü Afət Cəfərova ölkə üzrə iqtisadi durumun, yoxsulluğun bu problemi daha da qabartdığını deyir: Düşünürlər, qız uşağı doğulursa, mən bunu 11-12 yaşda nişanlayım, 13-15 yaşda ərə verim ki, ailə sahibi olsun, onu kimsə himayə etsin. Yəni onlar ər qapısını himayəçi kimi görürlər.”

Nəzrinin qızı Rəvanənin təhsilinə Amerikadakı, Norveçdəki iş qadınları çox kömək edir. Qadın Resurs Mərkəzinin ona verdiyi dəstək sayəsində isə Nəzrin eko-çantalar tikməyə başlayıb.

“Bu gün tam azad olmamağımın tək səbəbi təhsilimin olmamasıdır. Qadın üçün təhsil azadlıqdır. Qızımı da elə böyüdürəm,” o deyir.

XS
SM
MD
LG