Accessibility links

Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin üzvləri Azərbaycanda cəzaçəkmə müəssisələrinə baş çəkib


Həbsxana (Foto VOA-arxiv)
Həbsxana (Foto VOA-arxiv)

Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsinin nümayəndə heyəti dekabrın 12-dən 19-dək Azərbaycanda səfərdə olub.

Avropa Şurasının yaydığı məlumata görə, səfərin əsas məqsədi komitənin 2020-ci ildəki səfərindən sonra verdiyi tövsiyələr əsasında azadlıqdan məhrum edilmiş şəxslərlə polis tərəfindən rəftarın araşdırılması olub.

Səfər zamanı nümayəndə heyəti ədliyyə naziri Fikrət Məmmədov və daxili işlər nazirinin müavini Fazil Quliyev, eləcə də yuxarıda adı çəkilən nazirliklərin, polisin və Penitensiar xidmətin digər rəhbər işçiləri ilə məsləhətləşmələr aparıb. Nümayəndə heyəti Baş prokurorun birinci müavini Elçin Məmmədovla da görüşüb. Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Milli Preventiv Qrupun əməkdaşları ilə görüş keçirib.

Komitə üzvləri müvəqqəti saxlama yerlərində, Bakının bir sıra polis idarələrində- Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Müvəqqəti Saxlama Təcridxanası (MTM), Nərimanov, Nəsimi və Səbail rayonları və 22 saylı Polis Bölmələrində) və İstintaq Təcridxanasında olublar. Komitə, həmçinin 4 saylı Cəzaçəkmə müəssisəsi (qadınlar üçün nəzərdə tutulan) və yetkinlik yaşına çatmayanların tərbiyə müəssisəsinə baş çəkib.

Səfərin sonunda nümayəndə heyəti Azərbaycan hakimiyyətinə ilkin müşahidələrini çatdırıb.

Öz növbəsində, vəkil Fariz Namazlı Facebook səhifəsində qeyd edib ki, 2018-ci ildə Komitə Azərbaycana 2004, 2012, 2013, 2015, 2016 və 2017-ci illərdə altı səfərinin nəticələri əsasında Azərbaycan hökumətinin cavabları da daxil olmaqla, hesabatını açıqlayıb.

Vəkilin sözlərinə görə, bu hesabatlar yalnız hökümətin razılığı ilə dərc edilə bilər.

"Həmin hesabatlarda komitə belə nəticəyə gəlmişdir ki, işgəncə, polis və başqa hüquq-mühafizə orqanları və ordu tərəfindən pis rəftarın bütün formaları, bütün hüquq-mühafizə sistemində korrupsiya və cəzasızlıq halları sistematik, geniş yayılmış və müntəzəm şəkildə davam edir. Həmçinin cəzasızlıq və pis rəftarla bağlı iddiaların düzgün araşdırılmaması, eləcə də saxlanılan şəxslərin vəkillə və həkimlə təmin olunması, saxlanma haqqında məlumat verməsi və informasiya almaq hüququ da daxil olmaqla, hüquqi qarantiyaların təmin edilməməsi kimi ciddi problemlər qalmaqdadır.

Komitənin hazırki səfəri barədə hesabatının nə zaman dərc ediləcəyi hökümətin istəyindən asılıdır", o bildirib.

Rəsmi Bakı isə bir qayda olaraq ölkədə insanların əqidəsinə görə təqib edilmədiyini bildirir. Ölkə prezidenti dəfələrlə bütün vətəndaşların fundamental hüquqlarının, ö cümlədən söz və mətbuat azadlığının tam təmin edildiyini bildirib. Bundan əlavə Azərbaycan höküməti beynəlxalq təşkilatların hesabatını qərəzli və qeyri-obyektiv hesab edir. Rəsmi qurumlar bu vaxta qədər saxlanılan ictimai-siyasi fəallara polisdə işgəncə verilməsi ilə bağlı iddiaları bir qayda olaraq təkzib edir.

XS
SM
MD
LG