Evin həbsxanasında saxlanılan milli fəal Əkbər Nəiminin 9 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı çıxarılan hökmə yenidən baxılması üçün məhkəmə iclası keçirilib.
Bundan əvvəl Ali Məhkəmə bu türk fəalın 9 il həbs cəzasını ləğv edərək, yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərmişdi.
İlkin məhkəmə milli fəalı "qanunsuz qruplaşmaya üzv olmaq" və "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" ittihamlarından günahkar tanıyaraq, müvafiq olaraq 5 il və 4 il müddətinə azadlıqdan məhrum etmişdi. Həmin hökm Apelyasiya Məhkəməsi tərəfindən təsdiqlənmişdi, lakin Ali Məhkəmə çıxarılan həbs hökmünü ləğv edərək, yenidən baxılması üçün milli fəalın işini Apellyasiya Məhkəməsinə göndərmişdi.
İnsan Haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, dekabrın 5-də Tehran İnqilab Məhkəməsində keçirilən iclasda vəkillər Məhəmmədrza Fəqihi və Zəhra Minuyi milli fəalı müdafiə edib.
Əkbər Nəimi iki il öncə 22 yanvar tarixinda iş yerində həbs edilərək, təxminən 2 ay müddətində təhlükəsizlik qüvvələrinin təcridxanasında dindirilmişdi. O, Tehrandakı Homa Hava Yolları şirkətinin əməkdaşlarından olub, müvəqqəti azadlığa buraxıldıqdan sonra işdən çıxarılıb.