Accessibility links

Təbrizdə Maidə Qaragöz və Məhəmməd Cavidi müvəqqəti azadlığa buraxılıb


Maidə Övlad Qaragöz və Məhəmməd Cavidi
Maidə Övlad Qaragöz və Məhəmməd Cavidi

İranda sentyabr ayından bəri davam edən ümummilli etirazlar fonunda Təbrizdə nəzarət altına alınan Maidə Övlad Qaragöz və Məhəmməd Cavidi mülki zəmanət qarşılığında sərbəst buraxılıblar.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Günaz TV kimi saytlar bu haqda məlumat yayıblar.

Övlad Qaragöz və Cavidi müvafiq olaraq 100 milyon və 700 milyon tümənlik mülki zəmanətlə azad ediliblər.

Maidə Övlad Qaragözün ailə üzvlərinin sosial mediada paylaşdığı məlumata əsasən, o, sentyabr ayının 28-də öz sosial media hesabından paylaşdığı yazılar səbəbilə nəzarət altına alınıb və iki həftəlik həbsdən sonra sərbəst buraxılmışdı. Ancaq Qaragöz noyabr ayının 15-də prokurorluğa çağrıldıqdan sonra yenidən saxlanılmışdı.

Qaragözün işinə Təbriz Cəza Məhkəməsinin 2-ci şöbəsində baxıldığı bildirilir. Onun bacısı İnstagram sosial şəbəkəsində növbəti məhkəmə iclasının bazar ertəsi günü keçiriləcəyini yazıb.

Məhəmməd Cavidinin isə təqribən 35 gün nəzarətdə saxlanıldıqdan sonra müvəqqəti azadlığa buraxıldığına dair məlumat yayılıb.

Gənc qadın Məhsa Əmininin sentyabrın 16-da Tehranda əxlaq polisinin nəzarətində ikən ölümündən sonra İran Azərbaycanı daxil olmaqla, ölkənin müxtəlif vilayətlərində baş qaldıran kütləvi aksiyalarda onlarla etirazçı öldürülüb və on minlərlə insan saxlanılıb.

Hüquq müdafiəçiləri həbs edilən, yaralanan və öldürülənlər arasında çox sayda azyaşlının olduğunu bildirir. Həbsxanalarda yeniyetmələrin ağır işgəncələrə məruz qaldığına dair xəbərlər yayılır.

XS
SM
MD
LG