Nazlı İbadova Maştağa qəsəbəsində yaşayır. O, 9-da işə çata bilmək üçün hər səhər 8-ə 10 dəqiqə işləmişdən dayanacaqda gözləyir. Deyir ki, avtobusun dəqiq gəlmə vaxtı bilinmir.
“Əlbəttə, ictimai nəqliyyatdan daha çox istifadə edirəm, ucuz olduğuna görə. Çünki hər gün taksidən istifadə etmək maliyyə cəhətdən qeyri-mümkündür.”
Hər gün Bakı kəndlərinə gedən minlərlə insan ya avtobuslardan, ya da metro çıxışında dayanan “manatlıq” taksilərdən istifadə etməli olur. Sakinlər şikayətlənir ki, avtobusların sayı azdır, intervalda gecikmələr baş verir. Ümumilikdə isə Bakı kəndlərinə gedib-gəlmək onların xeyli zamanını alır.
Buna baxmayaraq, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev ötən ay sosial şəbəkə hesabında vətəndaşlara ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edib.
“Bakının kəndlərinə sürətli qatarların çəkilməsi, məncə, daha zəruridir. Çünki onsuz da tıxaclar var. Və yaxud da avtobusların sayını artırırlarsa, onda avtobus yolları da çəkilməlidir.”
2000-ci ilin əvvəllərində sakinlər Maştağadan şəhərin mərkəzinə elektrik qatarı vasitəsilə gedib-gələ bilirdilər. Sonradan qatarların fəaliyyəti dayandırılıb. 2010-cu ildə prezident İlham Əliyev “Dəmir yolu nəqliyyatının 2010–2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiqi haqqında sərəncam imzalayıb. 2015-ci ildə Bakı-Sumqayıt dəmir yolu xətti fəaliyyətə başlasa da, Maştağa, Bağlar, Buzovna, Şüvəlan kimi ərazilərdə dəmir reyslərinin, demək olar ki, hamısı sökülüb.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev hesab edir ki, alternativ nəqliyyat növləri olmadan tıxacların qarşısını almaq mümkün deyil.
“Əgər hər şeyi bağlayırsınız, yekunda bir avtobus qalırsa, gözləyirsiniz ki, o, inkişaf edəcək. İnkişaf yox, o heç dayanıqlı da olmayacaq.”
Ekspert bildirir ki, dəhlizlər üzrə yüngül reysli dəmiryolu sisteminin bütün şəhər ətrafı ərazilərə qaytarılması lazımdır.
“Bir zamanlar başlamışdı. Maştağa, Bağlar, Buzovna. Amma maliyyə vəsaitinin azlığı ilə bağlı dayandı. Məncə, bu, təxirə salınmadan bərpa olunmalıdır.”
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2002-ci ildə dəmir yolu ilə gün ərzində 4442, avtobus ilə 746633 nəfər daşınıb. 2021-ci ildə isə gündəlik 2826 nəfər dəmir yolundan, 1 milyondan artıq adam isə avtobusdan istifadə edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin açıqlamasına görə, dəmir yolu nəqliyyatının bərpası və inkişafı Bakı Şəhərinin 2040-cı ilə qədər nəzərdə tutulmuş Baş Planında yer alıb.
Nazlı tıxacdan asılı olaraq, gedib-qayıtmağa gün ərzində 3-4 saat vaxt sərf edir.