İran Azərbaycanının Ərdəbil şəhərindən olan dünyaca məşhur futbolçu Əli Daei İnstaqram səhifəsində FİFA-nın Qətərdə keçiriləcək dünya çempionatına dəvətini rədd etdiyini açıqlayıb.
Daei FİFA və Qətər Futbol Federasiyasının dünya çempionatının oyunlarına dəvətini rədd etməsinin səbəbinin bu zamanda "öz ölkəsində qalmaq və həmvətənlərinin yanında olmaq" olduğunu bildirib. O, bu günlərdə əzizlərini etiraz aksiyalarında itirən bütün ailələrə başsağlığı vermək istədiyini bildirib.
Məşhur futbolçu, ölkəsi üçün də "işıqlı günlər" arzulayıb.
Əli Daeinin İnstaqram səhifəsində qeyd etdiyinə görə, o, həyat yoldaşı və qızları ilə birlikdə FİFA və Qətər Futbol Federasiyasının dəvətini rədd edib.
Dünya şöhrətli futbolçu Əli Daei bir müddət əvvəl İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən xalq etirazlarının şiddətli repressiyaya uğramasına münasibət bildirdiyinə görə dövlət mediası tərəfindən hücuma məruz qalıb.
Əli Daei Ərdəbildə bir qız məktəbinin şagirdlərinin etiraz aksiyasına repressiv qüvvələrin müdaxiləsi nəticəsində həyatını itirən Əsra Pənahi adlı qızın haqqında münasibət bildirimişdi. İran səlahiyyətliləri həmin qızın intihar etdiyini irəli sürsə də, Daei bunu rədd etdiyini və intihar xəbərlərinin yalan olduğunu irəli sürmüşdü.
Həmçinin son günlərdə, azərbaycanlı futbolçunun təhlükəsizlik qüvvələri tərəfindən təzyiqlərə məruz qaldığı iddia edilən bəzi xəbərlər yayımlanıb.