Hüquq müdafiəçiləri hüquqşünas Arzu Xaliqinin bir müddət əvvəl Ərdəbil şəhərində təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındığını bildirirlər.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və hüquq müdafiə cəmiyyəti AHRAZ kimi mənbələr bu barədə məlumat yayıblar.
Arzu Xaliqi təqribən 10 gün əvvəl saxlanılıb.
“Beynəlxalq hüquq üzrə yüksək mütəxəssis Arzu Xaliqi noyabr ayının 3-də Ərdəbildə nəzarət altına alınıb. Onun saxlanma səbəbi və haraya aparıldığına dair dəqiq məlumat yoxdur,” AHRAZ bildirib.
Sentyabr ayının 16-da bir gənc qadının Tehranda əxlaq polisinin nəzarətində ikən ölümündən sonra baş qaldıran ümummilli etirazlar fonunda Təbriz, Urmiyə, Ərdəbil və Zəncan şəhərləri başda olmaqla İranın Azərbaycanın müxtəlif şəhərlərində onlarla gənc qadın və yeniyetmə qız həbs edilib.
Hüquq müdafiəçilərinin məlumatına görə, həbs edilən qadınlar və yeniyetmələrin bir çoxunun ailəsi həbs xəbərini yaymamaq üçün basqı və təhdidə məruz qalırlar.
Oktyabrın 2-də təhlükəsizlik qüvvələri Ərdəbilin Şahid və Məsumə adlı qız liseylərində hakimiyyətyönümlü yürüşlərə qatılmaqdan imtina edən şagirdlərə qarşı zorakılıq tətbiq ediblər. Bir çox şagirdin saxlanıldığı, bir neçəsinin isə xəstəxanaya göndərildiyi bildirilib. Məmurların döydüyü Şahid liseyinin şagirdi Əsra Pənahi daha sonra Fatimi xəstəxanasında həyatını itirib.