Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəallarının noyabrın 11-də etiraz aksiyası keçirməyə cəhdi zamanı aksiya iştirakçılarından bir nəfər polis tərəfindən saxlanılıb, 130-dan çox iştirakçı isə sərbəst buraxılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, noyabrın 11-də bir qrup şəxs Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd edib. Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar.
“Lakin iştirakçılardan sərxoş vəziyyətdə olan, əvvəllər məhkum olunmuş R.Məmmədov polisin xidməti avtomobilinin arxa şüşəsini sındırdığı üçün saxlanılaraq ərazi polis bölməsinə gətirilib. Hazırda müvafiq araşdırmalar aparılır,” məlumatda qeyd edilir.
“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının aksiya zamanı monitorinq aparan əməkdaşı Zəfər Əhmədov Amerikanın Səsinə deyib ki, saxlanılan şəxs Azərbaycan Xalq Cəbhəsi Partiyasının Salyan rayon təşkilatının üzvü Rövşən Məmmədovdur.
Eyni zamanda hüquq müdafiəçisi vurğulayıb ki, Məmmədovun mitinqdə iştirakı və saxlanması ilə bağlı videogörüntü var və kadrlardan onun avtomobilin şüşəsini sındırmadığı aydın görünür.
Əhmədov qeyd edib ki, hüquq müdafiəçiləri noyabrın 11-i axşam saatlarına 139 saxlanılan aksiya iştirakçısının azadlığa buraxılması barədə məlumat əldə edə bilib.