Accessibility links

AZAL ABŞ-ın "Aireon" peyk sistemi vasitəsilə təyyarə uçuşlarının qlobal müşahidə sistemini tətbiq edəcək


AZAL-ın prezidenti Cahangir Əsgərov və "Aireon" şirkətinin prezidenti Don Tom (rəsmi foto)
AZAL-ın prezidenti Cahangir Əsgərov və "Aireon" şirkətinin prezidenti Don Tom (rəsmi foto)

Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti (AZAL) Azərbaycanın hava məkanında real vaxt rejimində hava hərəkətinin idarə olunmasına (HHİ) dair yüksək tələblərə cavab verən "Aireon" peyk sistemi vasitəsilə təyyarə uçuşlarının qlobal müşahidə sistemini tətbiq edəcək.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin məlumatına görə, oktyabrın 18-də AZAL-ın prezidenti Cahangir Əsgərovla "Aireon" şirkətinin prezidenti və baş icraçı direktoru Don Toma arasında ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hugo Qevarın iştirakı ilə sözügedən sistemin tətbiqinə dair saziş imzalanıb.

Mətbuat xidməti bildirir ki, Azərbaycanın hava məkanından keçərkən "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) tərəfindən xidmət göstərilən tranzit uçuşların sayının ikiqat artdığı bir zamanda mövcud sistemin tətbiqi daha da önəmlidir. Hər gün AZANS 550-yə yaxın hava gəmisinə aeronaviqasiya xidmətlərini təqdim edir. Bu isə pandemiya dövrünədək olduğundan daha yüksək göstəricidir.

"Aireon" hava hərəkətini peyk idarəetmə sistemi uçuşların təhlükəsizliyi və effektivliyini radikal şəkildə optimallaşdıracaq həll təklif edir, eyni zamanda aviaşirkət üçün real vaxt rejimində reyslərin qlobal izlənməsini təmin edəcəkdir. Bu sistemin tətbiq edilməsi və tam istifadəsi ADS-B avadanlıqları ilə təchiz olunmuş təyyarələrin müşahidə edilməsini təmin etməklə yanaşı, daha əlverişli marşrut və yüksəklikləri seçməyə imkan yaradacaq" , AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.

"AZAL regionda aviadaşımaların effektivliyi və təhlükəsizliyi sahəsində aparıcı rol oynayır" , "Aireon" şirkətinin prezidenti Don Toma vurğulayıb.

ABŞ-ın Bakıdaki Səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara bildirib ki, bu tədbir ABŞ-ın Azərbaycanla aerokosmik sahəsində olan tərəfdaşlığını vurğulayır.

"Mən müxtəlif iqtisadi sektorlarının Azərbaycanda uğur qazanmalarına sevinirəm. Birləşmiş Ştatların şirkətləri dünyanın müxtəlif ölkələrinə ən müasir xidmət və texnologiyaları təqdim edir. Bizim şirkətlərin yaxşılar sırasında ən yaxşı olmalarını bəyan etməkdən qürur duyuram. Hesab edirəm ki, AZAL Amerika texnologiyalarını və təhlükəsiz təchizatçılarını seçməklə müdrik qərar verib" , Hüqo Qevara qeyd edib.

"Aireon" – "Iridium Communications Inc" peyk rabitə operatoru, "Nav Canada" şirkəti (Kanada Aeronaviqasiyası), NATS (Böyük Britaniya Aeronaviqasiyası), ENAV (İtaliya Aeronaviqasiyası), "Naviair" (Norveç Aeronaviqasiyası) və İrlandiya Aviasiya İdarəsi ilə əməkdaşlıq edir. Şirkət, ADS-B peyk əsaslı avtomatlaşdırılmış kosmik asılı müşahidə şəbəkəsindən istifadə etməklə dünyada hava gəmilərinin real zaman rejimində ilk peyk müşahidə sistemini işləyib hazırlayıb.

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) tərəfindən rəsmi dəstək almış "Aireon" tarix boyu hava müşahidəsi üzrə ilk sertifikatlı təminatçıdır. 2017-ci ilin yanvar ayından 2019-cu ilin yanvar ayınadək "Space-X Falcon 9" raketlərində müvəffəqiyyətlə yerinə yetirilmiş "İridium NEXT" peykinin buraxılışı "Aireon" texnologiyasının əsasını təşkil edir.

XS
SM
MD
LG