Accessibility links

Heyvan haqları fəalı Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb


Kamran Məmmədli
Kamran Məmmədli

Oktyabrın 7-də heyvan haqları fəalı Kamran Məmmədli "4 oktyabr - Ədalət üçün" aksiyasına görə Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Bu barədə məlumatı Amerikanın Səsinə fəalın özü verib.

Kamran Məmmədlinin sözlərinə görə o, idarəyə profilaktik söhbət üçün çağırılıb:

"Bu gün məni rəis müavini Vüqar Ələkbərovla görüşə çağırmışdılar, bildirdilər ki, belə aksiyalar vətəndaşların istirahət hüququnu pozur, bundan əlavə anket məlumatlarımı götürdülər".

Heyvan haqları fəalının sözlərinə görə, onlar aksiyanı sahibsiz itlərin yerli icra hakimiyyəti orqanları tərəfindən güllələnməsinə və "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzi tərəfindən itlərin kütləvi öldürülmələrinə etiraz olaraq keçiriblər.

"Mən isə aksiyamızın məqsədinin ictimaiyyətin diqqətini qaldırdığımız problemə yönəltmək olduğunu, bunun üçün ən uyğun yerin şəhərin mərkəzi hissəsi olduğunu və əksər ölkələrdə də etirazların şəhər mərkəzlərində edildiyini ifadə etdim", deyə Məmmədli bildirib.

Fəal görüşün xəbərdarlıq xarakterli olduğunu və 2 saatdan bir qədər çox idarədə qaldığını bildirib.

Daxili İşlər Nazirliyinin KİV-lə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev
Daxili İşlər Nazirliyinin KİV-lə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev

Daxili İşlər Nazirliyinin KİV-lə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, Kamran Məmmədlinin Bakı Şəhər Baş Polis İdarəsinə çağırılması onların aksiyadakı tələblərinin araşdırılması istiqamətində olub:

"İcazəsiz aksiyalarla bağlı xəbərdarlıqlar edilir. Biz bu barədə əvvəlcədən məlumatlar paylaşırıq. Həmin şəxslərə də dəfələrlə bildirilib, şifahi də deyilib. Heyvan məsələləri ilə bağlı müraciətləri olub və bu müraciətlərə baxılması ilə bağlı təkrar dəvət olunub, bunu hansısa siyasi aksiyaya çevirməyə lüzum yoxdur, bu istiqamətdə daxil olan müraciətlərə baxılır və müvafiq tədbirlərin görülməsi təmin olunur".

Oktyabrın 4-də keçirilən aksiyada heyvansevərlər sahibsiz itlərin məruz qaldığı işgəncəli ölümləri diqqətə alaraq, qanunsuz fəaliyyətlərin dayandırılması üçün etiraz etdiklərini bildiriblər.

Aksiyanın tələbləri ölkə üzrə güllələmələrin dayandırılması, Toplan Sahibsiz İtlərə Qayğı Mərkəzinin kütləvi qətliamına son verməsi idi.

Aksiyanın əsas şüarları “İtlər yanımızda, itlər yuvamızda!”, “Küçədə yaşamaq çox çətin, onu belə çox görməyin!” olub.

Aksiyada 7 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb, daha sonra sərbəst buraxılıblar. Toplan Sahibsiz İtlərə Qayğı Mərkəzi isə bu iddiaların əsassız olduğunu bildirib.

XS
SM
MD
LG