Oktyabrın 4-də heyvansevərlər Bakının Fəvvarələr Meydanında etiraz aksiyası keçirib. Etirazçıların sözlərinə görə uzun müddətdir ki, Azərbaycanın müxtəlif yerlərində sahibsiz itlər yerli icra qurumları tərəfindən küçələrdə güllələnərək qətl edilir.
Heyvansevərlər Toplan Sahibsiz İtlərə Qayğı Mərkəzinin itləri zorakılıqla yaşadığı yerlərdən tutduğunu və bu mərkəzin hasarları daxilində itlərin müəmmalı şəkildə yox edildiyini iddia edirlər:
"Ölkəmizdəki çox sayda heyvansevərin qayğı göstərərək qoruduğu itlər bir anın içində oğurlanır və onların sonrakı taleyi haqqında heç bir məlumat verilmir".
Heyvansevərlər sahibsiz itlərin məruz qaldığı bu işgəncəli ölümləri diqqətə alaraq, qanunsuz fəaliyyətlərin dayandırılması üçün etiraz etdiklərini bildiriblər.
Aksiyanın tələbləri ölkə üzrə güllələmələrin dayandırılması, Toplan Sahibsiz İtlərə Qayğı Mərkəzinin kütləvi qətliamına son verməsidir.
Aksiyanın əsas şüarları “İtlər yanımızda, itlər yuvamızda!”, “Küçədə yaşamaq çox çətin, onu belə çox görməyin!” olub.
Aksiyada 7 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb, daha sonra sərbəst buraxılıblar.
Səbail Rayon Polis İdarəsinin (RPİ) Əməliyyat işləri üzrə rəis müavini Orxan Axundzadə isə aksiyada heç kimin saxlanılmadığını deyib.
Toplan Sahibsiz İtlərə Qayğı Mərkəzi isə bu iddiaların əsassız olduğunu bildirib.