Siyasi şərhçi Məhsa Mehdili Amerikanın Səsi ilə söhbətdə deyib ki, Urmiyə gölünün quruması sadəcə ətraf mühit, iqtisadiyyat və insanların həyatına törətdiyi təhdidlərdən dolayı deyil, mənəvi baxımdan da bölgə əhalisinə böyük bir zərbədir.
“Urmiyə dəryasının (gölü) özəlliklə o bölgədə yaşayan, dəryanın kənarında böyüyən insanların həyatında önəmli bir yeri var. Yəni bütün başqa məsələləri bir kənara qoysaq, mənəvi olaraq da bir ağırlığı, bir önəmi var. Ona görə, bu həqiqətən böyük bir faciədir bölgə xalqı üçün,” siyasi fəal söyləyir.
Əlbəttə ki, bu etirazlar daha ardıcıl olsa, hər kəsimdən iştirak olsa və biz bu faciənin hərkəsin həyatına təsir edəcəyini doğru-düzgün bir şəkildə anlada bilsək mən inanıram ki ictimaiyyətdə böyük bir dəstək qazanar.
Onun fikrincə, Urmiyə gölü ətrafındakı ekoloji faciənin insanlar üzərində buraxdığı psixoloji təsirləri də diqqətə alınmalıır.
“Bu məsələdən sosial psixoloji olaraq da hamımız təsir alırıq. Yəni, bunun iqtisadi tərəfini, siyasi və ictimai tərəfini, çevrəyə və həyatımıza verdiyi zərərlərini danışırıq. Amma, bir yandan da bir dəryamız məhv olur. Qocaman bir dəryamız məhv olur. Uşaqlığımız, keçmişimiz və gələcəyimiz gedir. Mən bunu özümüzə böyük bir ruhi zərbə görürəm və bu, çox ağır bir zərbədir. Bu yönü ilə də baxa bilərik məsələyə. İnsanlara bunun bizim həyatımızla bağlı olduğunu göstərməliyik. Mən hətta düşünürəm ki, bizim hamımızın qüruru inciyib. Göldən olan qavrayışa görə bəlkə də kiçik bir şey kimi nəzərə gələ bilər. Amma, qocaman bir dəryadır ki, kənarında duranda dibini, bucaqlarını görə bilməzdik. Özünə görə zənginlikləri olan, özünə görə bitkiləri olan, özəl Artemiası olan, quşları olan bir dünya idi.”
O, 2010-cu ildən bəri Urmiyə gölü ilə bağlı təşkil olunan etiraz aksiyaları və kampaniyalara işarə edərək əlavə edir ki, “Urmiyə gölü məsələsində bizim xalqımız həqiqətən yetərincə etiraz etdi. Onlarla insan həbs edildi. Onlarla insanın taleyi dəyişdi, əziyyət gördü. İran dövləti bu etirazlara təhlükəsizlik məsələsi kimi baxdı. Yəni, insanların çevrəni qurutmayın, bu dəryanı qurutmayın deməsini öz təhlükəsizliyinə təhdid olaraq gördü və gölə diqqət yetirmədi. Biz də diqqət yetirməsini gözləmirdik.”
Qocaman bir dəryamız məhv olur. Uşaqlığımız, keçmişimiz və gələcəyimiz gedir. Mən bunu özümüzə böyük bir ruhi zərbə görürəm və bu, çox ağır bir zərbədir.
Məhsa Mehdili Urmiyə gölünün vəziyyəti ilə əlaqədar maarifləndirmə fəaliyyətlərinin mütəşəkkil və davamlı şəkildə həyata keçirildiyi təqdirdə nəticə verəcəyini ifadə edir.
“Məncə əgər bir haqsızlıq varsa ona etiraz edilməlidir. Etirazın nəticə verib verməyəcəyinə baxmadan. Əlbəttə ki, bu etirazlar daha ardıcıl olsa, hər kəsimdən iştirak olsa və biz bu faciənin hərkəsin həyatına təsir edəcəyini doğru-düzgün bir şəkildə anlada bilsək mən inanıram ki ictimaiyyətdə böyük bir dəstək qazanar. Əgər yüzdə bir ehtimal olsa ki bizim etirazımızın təsiri olacaq, bu, fəaliyyətimizi var-gücümüzlə davam etməyə dəyər. Mən düşünürəm ki, daha mütəşəkkil bir şəkildə xalqı maarifləndirməyə davam etsək, nəticə alacağıq.”